“Ukrayna tərəfi Rusiya ilə real sülh müqaviləsi imzalamaq naminə Krım məsələsini ertələyə bilər. Lakin ərazi bütövlüyü ilə bağlı məsələləri yalnız Prezident Volodimir Zelenski müəyyən edəcək”.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “RBK Ukraina”ya müsahibəsində bildirib.
“Ərazi bütövlüyü ilə bağlı hər şeyi müstəsna olaraq Ukrayna Prezidenti həll edir. O, (Volodimir Zelenski - red.) dəfələrlə öz mövqeyini bildirib: Krım Ukraynanın ayrılmaz hissəsidir. Ukraynanın bütün əraziləri Ukraynadır”, - deyə Podolyak əlavə edib.
Müşavir, təbii ki, bəzi məsələlərin ayrı-ayrı danışıqlar mövqelərinə qoyula biləcəyini deyib.
“Amma bizim üçün vacibdir ki, müharibəni gələcəkdə Ukrayna ərazisində belə savaşların olmamasına imkan verəcək real təhlükəsizlik düsturu ilə bitirək. Biz ilk gündən neçə ölkənin bizimlə olacağını dəqiq bilmək istəyirik. 43 gündür, mövcudluğumuzu dayandırmamışıq və min illər boyu da var olmağa davam edəcəyik”, - deyə Podolyak bildirib.