Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç ölkəsinin Rusiya ilə danışıqları olduqca vacib hesab etdiyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün yeni videomüraciətində danışıb.
“Böyük müharibə, hərbi təcavüz və sülh sazişi. Bunlar həmişə tərəflər arasında kompromis tələb edir. Çünki hər iki dövlət böyük itkilər verir. Əgər siz fikirləşirsinizsə ki, biz itki vermirik, böyük səhv edirsiz”,-deyə o bildirib.
Aleksey Arestoviçin sözlərinə görə, Rusiya Ukraynanın hərbi sənayesini demək olar ki, məhv edib və mülki obyektlərə də əhəmiyyətli dərəcədə ziyan vurub.
“2019-cu ildə dediyim sözləri indi də təkrarlayıram. Bizi elə hala salmaq istəyirlər ki, heç kimə lazım olmayaq. Onlar bunu edirlər və buna da davam edəcəklər. Son danışıqlar da onu göstərir”,-deyə Arestoviç bildirib.