Ermənistanın yeni oyunu: Rusiyaya göndərdiyi "Su-30"ların əvəzinə Suriyadan 4 qırıcı gətirildi

Ermənistanın yeni oyunu: Rusiyaya göndərdiyi "Su-30"ların əvəzinə Suriyadan 4 qırıcı gətirildi backend

Ermənistanın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya döyüş təyyarələri və pilotlar göndərməsi beynəlxalq mətbuatda əks-səda doğurub.

“Report”un “Haber Global” Televiziyasına istinadən yaydığı yeni məlumata görə, Rusiyaya hərbi dəstəyi ortaya çıxandan sonra İrəvana həmin aviasiyanın əvəzində Suriyadan təyyarələr gətirilib.

Belə ki, “Su-30” tipli 4 döyüş təyyarəsi Ermənistan ordusunda qeydiyyatda olan pilotlarla birlikdə martın 25-də Ukraynada hərbi əməliyyatlar üçün Rusiyaya göndərilib.

Bildirilib ki, Ukraynada istifadəyə göndərilən təyyarələrlə bağlı kəşfiyyat məlumatının sızması Ermənistanla Rusiya arasında diplomatik gərginliyə səbəb olub.

Ermənistan artıq hərbi məlumatların sızması ilə bağlı araşdırmalara da başlayıb.

“Haber Global” bu gün yaydığı məlumatda bildirilib ki, Ermənistandan Rusiyaya göndərilən reaktiv təyyarələri əvəz etmək üçün Suriyadan İrəvana “Su-30” tipli dörd qırıcı təyyarəsi göndərilib. Bunun Ermənistanın mümkün sanksiyalara qarşı atdığı addım olduğu düşünülür. Çünki Ermənistanın Ukrayna məsələsində Rusiyaya hərbi dəstəyi İrəvanı sanksiyaların hədəfinə çevirə bilər.

Qeyd edək ki, Ermənistan Orta Şərqdən Ukraynaya əsgərlərin göndərilməsində də Rusiyaya yardım edib. Belə ki, suriyalı muzdlu döyüşçülər Erebuni aviabazasında yığılaraq oradan Şimali Osetiyadakı Mozdok şəhərinə yola düşür, sonra rusiyalı əsgərlərlə birlikdə Ukraynaya göndərilirlər.

İlk dəfə “Haber Global”da dərc olunan bu xəbərdən 2 həftə sonra Rusiya Yaxın Şərqdən Ukraynaya əsgər göndərəcəyini açıqlayıb.

Digər tərəfdən, Rusiya öz qoşunlarını hərbi texnika ilə Ermənistan üzərindən təchiz edir.
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin bir hissəsi də çıxarılaraq Ukraynaya göndərilib.

Ortaya çıxan görüntülərdən məlum olur ki, Rusiya ordusuna məxsus yanacaq maşınları, zirehli texnika və hərbçilər Laçın dəhlizi ilə Ermənistana doğru çəkiliblər. Oradan da hərbi nəqliyyat təyyarəsi ilə Rusiyaya yollanıblar.

Diaspora