“Bir neçə gün əvvəl Ukraynadakı müharibə bölgəsindən çıxarılaraq Moldovada yerləşdirilən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Azərbaycana gətiriləcək”.
Bununla bağlı Oxu.Az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, Milli Qəhrəmanın ailəsi hazırda Kişineu şəhərindədir:
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun dəstəyi ilə Kişineu-İstanbul-Bakı biletləri alınıb. Ailənin aprel ayının 4-də ölkəmizə gəlməsi planlaşdırılır”.
Deputat qeyd edib ki, ailə ilə mütəmadi əlaqə saxlanılır:
“Viktor Seryoginin anası Qalina xanıma kömək üçün əlimizdən gələni edəcəyik. Ailənin gətirilməsi üçün cənab Prezident İlham Əliyevin göstərişi var”.
Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.
1992-ci il yanvarın 28-də onun idarə etdiyi və göyərtəsində 47 sərnişinin olduğu “Mi-8” mülki helikopteri erməni mövqelərindən atılan “Stinger” istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib.
1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.