Bayraqdar.info – Fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya qarşı başlatdığı açıq təcavüz bərabərində medianın da savaş qurbanı olmasını gətirib. Rusiya dövləti öz ərazisində total senzura tətbiq etməklə alternativ informasiyanın kütləviliyinin qarşısını müəyyən qədər ala bilsə də bunu xaricdə tətbiq edə bilmir. Ona görə də özəlliklə Ukraynada işləyən media qurumlarını hədəf alır, hətta bunun üçün raket hücumları da təşkil edir.
Martın 25-də Ukraynanın СТБ TV kanalı Rusiyanın Ukraynada jurnalistlərə qarşı total hücumuyla bağlı material təqdim edib. Kütləvi İnformasiya İnstitutunun (Kİİ) hesabatı əsasında hazırlanan materialda deyilir ki, tam miqyaslı savaşın artıq arxada qalan bir ayı ərzində Rusiya Ukrayna ərazisində jurnalistlərə və mediaya qarşı 148 cinayət əməli törədib. Hədəfdə olanlar yalnız Ukrayna mediası deyil, həm də xarici ölkələrin burada fəaliyyət göstərən təmsilçiləridir.
Rusiyanın mediaya qarşı törətdiyi cinayətlərə gəlincə, Kİİ bunları öldürmə, yaralama, təhdid, media işçilərinin oğurlanması, TV qüllələrinin atəşə tutulması, media redaksiyalarının işğalı, Ukrayna mediasının yayımının dayandırılması və kibercinayətlər kimi təsnifləndirir.
Qeyd edilir ki, fevralın 24-dən martın 23-dək Rusiya peşə vəzifələrini yerinə yetirən 5 jurnalisti öldürüb: LIVE TV-nin operatoru Yevgeni Sakun, The New York Times-ın keçmiş müxbiri Brent Reno, Fox News TV-nin operatoru Pyer Zakjevski, Ukraynalı jurnalist Aleksandra Kuvşinova və The Insider-in (Rusiya) jurnalisti Oksana Baulina. Onların hamısı Kiyev şəhəri – Kiyev vilayəti ərazisində öldürülüb.
Bu beş nəfərdən əlavə Rusiya hərbçiləri daha üç jurnalisti də öldürüb. Lakin onların ölümü vəzifə başında olduqları zaman baş verməyib: müstəqil jurnalist Dilerbek Şakirov, hərbi jurnalist Viktor Dudar və Сигма TV-nin operatoru Viktor Dedov.
Əlavə olaraq fotomüxbir Maks Levinin taleyi haqqında heç bir məlumat yoxdur.
Kİİ qeyd edir ki, ən azı 7 jurnalist yaralanıb. Onların yaralandığı ərazi olaraq Kiyev, Sumı və Nikolayev vilayətləri göstərilir: Danimarkanın Ekstra-Bladet nəşrinin jurnalisti Stefan Vayxert və fotomüxbiri Emil Filtenborg, Böyük Britaniyadan Sky News TV-nin müxbiri Stüart Rəmzi, İsveçrəli jurnalist Giyom Brike, “Azadlıq” radiosunun müxbiri Mərcan Kuşnir, Amerikalı jurnalist Xuan Diego Errera Arredondo və Fox News TV-nin (ABŞ) müxbiri Bencəmin Holl.
Bir sıra jurnalistlər isə Rusiya hərbçilərinin açıq hücumuna məruz qalıb.
Kİİ ən azı 6 jurnalistin girov götürülməsi və onlara qarşı qəddarlıq edilməsi barədə məlumata malikdir. Bunlardan 5 hadisə Zaporojye, 1 hadisə isə Xersonda baş verib.
Rusiya işğalçıları 10 TV qülləsini atəşə tutub. Bu isə Ukraynanın 8 bölgəsində TV və radio yayımının tam və ya qismən dayanmasına səbəb olub. Eyni zamanda ən azı 70 regional media qurumu fəaliyyətini dayandırmağa məcbur edilib.
Kİİ bütün bunlarla bərabər Rusiyanın çoxsaylı DDoS və fişing hücumlarını da qeydə alıb. Bu hücumlar bir qayda olaraq Ukraynadakı müharibə həqiqətlərini yayan onlayn media və QHT-lərin saytlarını hədəf seçib.