Ukraynanın müdafiəsinə qalxan azərbaycanlı Ramil Məmmədov: “Rusiyalılar sanki zombiləşiblər”

Ukraynanın müdafiəsinə qalxan azərbaycanlı Ramil Məmmədov:  “Rusiyalılar sanki zombiləşiblər” backend

“Çoxları Rusiyada təbliğat mediasının öz işini nə qədər yaxşı yerinə yetirdiyini təsəvvür belə edə bilmir”.

Bu sözləri Media.az-a müsahibəsində Ukraynanın Borispol şəhərindən deputat, əslən azərbaycanlı olan Ramil Məmmədov bildirib.

 

Onun sözlərinə görə, RF ordusu hücum edəndə Ukrayna DİN vətəndaşları Rusiya ictimaiyyətinə hadisələrin real mənzərəsini göstərmək üçün sosial şəbəkələrdə müharibəni işıqlandırmağa çağırmışdı.

“Videonu çəkib “Facebook” səhifəmdə yerləşdirdim. Orada Rusiya Federasiyasının və Belarus Respublikasının vətəndaşlarına müraciət edərək bildirdim ki, biz sülh şəraitində yaşamaq istəyən insanlarıq, nasist deyilik. Bu dəhşətli sözün ukraynalılarla heç bir əlaqəsi yoxdur”.

Videonun hazırda iki milyona yaxın baxış topladığını deyən politoloq paylaşıma rusiyalıların da çoxlu şərhlər yazdıqlarını deyib.

“Onların 30 faizi öz hökumətinin hərəkətlərini dəstəkləmədiklərini, lakin Putinin diktatura rejiminə görə heç nəyi dəyişə bilməyəcəklərini deyirlər. Qalanları isə sanki zombiləşiblər, deyirlər ki, səkkiz il Donbası bombaladınız. Baxmayaraq ki, bu doğru deyil. Bu ərazinin adının düzgün yazılışını belə bilmirlərsə, onlarla nə danışasan (“n” hərfi əvəzinə “m” yazırlar)”, - deyə deputat əlavə edib.

O, Rusiyada təbliğat mediasının işi ilə bağlı danışarkən əslən ukraynalı olan, lakin bir neçə il əvvəl Rusiyaya köçən dostunu misal gətirib.

“Videomüraciəti yerləşdirəndən sonra həmin dostum mənə zəng edərək görüntülərin silinməsini tələb etdi. Onu başa salmağa çalışdım ki, Rusiya təcavüzkar və işğalçıdır, küçələrə çıxıb etiraz etmək lazımdır. O isə hər şeyi inkar etdi. Özü də baxmayaraq ki, anası hələ də Ukraynada yaşayır və həyatı təhlükə altındadır... Yarım saatlıq söhbətdə onu razı sala bilmədim”, - deyə Ramil Məmmədov bildirib.

Diaspora