Putin niyə muzdlu terrorçulara möhtac qalıb: Bəs böyük rus ordusu?..

Putin niyə muzdlu terrorçulara möhtac qalıb:  Bəs böyük rus ordusu?.. backend

Rusiya artıq Ukraynada başladığı müharibəyə muzdluları da cəlb etməyə başlayıb. Rusiya müdafiə naziri Sergey Şoyqu ilə məsləhətləşdikdən sonra, prezident Vladimir Putin Suriyadan olan muzdluları Ukrayna cəbhəsinə göndərmək qərarına gəlib. Artıq bu istiqamətdə işlərə də start verilib.

 

Mətbuatın yazdığına görə, Şam, Hələb, Hama, Rakka, Dera, Deyr əz-zor bölgələrində muzdluların toplanması məqsədilə 14 mərkəz açılıb. Bu mərkəzlərə əsasən Əsədin "Şebbiha” (Kabus) adlandırılan qruplaşması və rusların idarə etdiyi 5-ci korpusun döyüşçüləri toplanır. Onlarla ayda 300-600 dollar maaş olmaqla ilkin olaraq 6 aylıq müqavilə bağlanıb. Məlumatda deyilir ki, muzdlular Xmeymim hava bazasında qısa təlimdən sonra Ukraynaya göndəriləcək. Ümumi sayın təxminən 16 min olduğu bildirilir. Xatırladaq ki, Qərbdən Kiyevə dəstək üçün gələn könüllü döyüşçülərin sayı da təxminən o qədərdir.

Maraqlıdır, böyük orduya, dünyada ikinci hərbi gücə malik bir ordunun xaricdən muzdlu terrorçuları prosesə cəlb etmək nəyinə lazımdır? 

 

Qeyd edək ki, sözügedən korpuslara daxil olan muzdlular əsasən şəhər döyüşlərində iştirak təcrübəsinə malikdir. Hazırda isə Rusiya Ukraynanın paytaxtı Kiyevi və ikinci böyük şəhəri olan Xarkovu mühasirəyə almaq ərəfəsindədir. Ukraynanın ciddi müqavimət göstərməsi onu deməyə əsas verir ki, Rusiya ordusunun asan şəkildə bu şəhərlərə daxil olması mümkünsüzdür. Proses onu göstərir ki, Ukrayna xalqı təkcə bu iki şəhər deyil, ümumiyyətlə, hər bir şəhər və onun küçələrində ciddi müqavimət göstərmək əzəmindədir. Belə olan halda isə hücum edən tərəf birmənalı şəkildə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalacaq. Hətta bu fonda rus ordusunun acınacaqlı məğlubiyyətə uğraması ehtimalı da böyükdür. Bu isə heç də Kremlin ürəyincə olmayacaq. Çünki həmin vəziyyət ilk növbədə rus ordusunun gücü barədə bu günə qədər mövcud olan mifi, demək olar, tamamilə aradan qaldıracaq. Digər tərəfdən, bu fonda rus ordusunda ciddi ruh düşkünlüyü yaranacaq. Əsgərlər kütləvi şəkildə vuruşmaqdan imtina edə bilərlər. Nəticədə yaranmış durum Rusiya daxilində Putin rejiminə qarşı hazırda qığılcım şəklində olan narazılığın sürətlə artmasına gətirib çıxara bilər. Eyni zamanda, hakimiyyət daxilindəki elitanın da bir hissəsi Putinə qarşı çıxa bilər. 

 

Məhz buna görə Kreml Yaxın Şərqdən ərəb əsilli muzdluları gətirməklə bu çətin işi icra etməyi onların öhdəsinə buraxır. Görünür, Qərbin könüllü hərbçi dəstələrinin Ukraynaya dəstək üçün bu ölkəyə axını da məhz Kremlin bu planının faş edilməsinə yönəlib. 

 

Rusiyada düşünürlər ki, muzdlu dəstələrin köməyilə Kiyev və Xarkov şəhəri müdafiəçilərinin müqavimətini əhəmiyyətli dərəcədə zəiflədib, sonra asan şəkildə öz ordularını bu şəhərlərə yeridə biləcəklər. Belədə Moskva həm də ümid edir ki, muzdlu dəstələrin iştirakı ilə həyata keçiriləcək həmin əməliyyatlar fonunda Ukrayna şəhərlərində baş verən kütləvi qırğınlara görə məsuliyyətdən yaxa qurtara biləcək. 

 

Amma burada bir müəmma da var, Moskva həmin ərəb muzdlularını hansı yollarla və necə gətirəcək? Olmaya artıq onlar çoxdan Rusiya ərazisindədirlər?.. (qaynarinfo)

Diaspora