Ötən günlərdə Antalya şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın XİN başçısı Dmitri Kuleba arasında Türkiyənin vasitəçiliyi ilə görüş keçirildi.
Nazirlərin müharibədən sonra baş tutan ilk görüşü gözlənildiyi kimi nəticəsiz oldu. Tərəflər arasında hər hansı razılıq əldə olunmadı.
Bəs, bundan sonra proseslər necə davam edəcək? Gözləntilər nədən ibarətdir?
Bu barədə Modern.az-a açıqlama verən Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov bildirib ki, müharibənin taleyi döyüş meydanında həll olunacaq.
Onun sözlərinə görə, Qərbin sanksiyalarına baxmayaraq, Rusiya geri çəkilmək fikrincə deyil:
"Sanksiyalar Rusiyanın müharibəni dayandırmasına təsir etməyəcək. Artıq Ukrayna neçə gündür ki, Rusiyanın işğalına məruz qalıb. Qərbin sanksiyalarının hər hansı təsirini görmürük. Hətta deyərdim ki, müharibənin artıq ikinci mərhələsi başlayıb. Birincisi mərhələ 13 gün davam etdi. İkinci mərhələnin nə qədər davam edəcəyi sual altındadır. Yəqin ki, ikinci mərhələ 14 gün olacaq".
Ekspert müharibənin yaxın günlərdə başa çatmayacağını düşünür:
"Daha sonra üçüncü mərhələ də olacaq. Bu, çox güman ki, “humanitar əməliyyat” kimi planlaşdırılır. Ona görə də bir daha təkrar edirəm, hər şey döyüş meydanlarında həll olunacaq. Ukraynanın sadəcə hərbi yardıma ehtiyacı var, sanksiyalar öz təsirini Rusiyaya göstərməyəcək".
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibə elan edib. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəf ağır itkilər verib. Ukrayna tərəfi Rusiya ordusunun 12 mindən çox hərbçisinin öldürüldüyünü açıqlayıb.