Ukraynada uşaq böhranı – “Nyu-York Tayms”

Ukraynada uşaq böhranı –  “Nyu-York Tayms” backend

İki həftə ərzində Ukraynadan bir milyon uşaq qaçqın düşüb. Novator.az-ın məlumatına görə, BMT-nin Uşaq Fondunun (UNİCEF) rəhbəri Ceyms Elder ABŞ-ın “Nyu-York Tayms” qəzetinə açıqlamasında belə deyib.

BMT-nin hesabatına görə, fevralın 24-də Rusiya Ukraynaya hərbi hücuma keçəndən bəri 2 milyon insan Ukraynanı tərk edib. Bu, Suriyada vətəndaş müharibəsinin ilk üç ilində qaçqın düşənlərin sayından çoxdur.

İkinci Dünya müharibəsindən sonra belə bir sürətlə irimiqyaslı insan köçünün olmadığını vurğulayan Ceyms Elder hazırkı durumu uşaq böhranı adlandırıb.

O bildirib ki, Ukraynada demək olar hər 7 uşaqdan biri ölkəni tərk edib. Ən azı 29 uşaq qaçmağa cəhd edərkən küçədə baş verən partlayışlar və ya minaatanların hücumu nəticəsində həlak olub.

Bəzi qurumlar həlak olan uşaqların sayının daha çox olduğunu güman edir.

UNİCEF-in qiymətləndirməsinə görə, Rusiyanın Ukraynaya təcavüzündən bu yana ölkədə 4 min uşaq doğulub. Onlarla uşaq müvəqqəti doğuş yerlərində, yeraltı sığınacaqlarda dünyaya gəlib.

Ceyms Elder qeyd edib ki, həkimlər nə qədər səy göstərsələr də, zirzəmilərdə, bunkerlərdə reanimasiya şöbələri, cərrahiyyə otaqları təşkil olunsa da, həmin məkanlar doğuş üçün əlverişli, təhlükəsiz deyil.

Bundan başqa, Ukraynanın bəzi rayonlarında ailələr işıqsız, susuz qalıb və uşaqlar soyuqdan, xəstəlikdən, aclıqdan, susuzluqdan əziyyət çəkirlər.

UNİCEF-in icraçı direktoru Ketrin Rassel Ukraynada uşaqların fiziki baxımdan təhlükəli, mənəvi cəhətdən alçaldıcı bir vəziyyətə düşdüyünü vurğulayıb.

Ukraynadan qaçan uşaqların bir çoxunun yanında valideynləri yoxdur. Çünki valideynləri ya Ukraynada qalıb, ya da orada öldürülüb.

Ceyms Elder özünün üç uşağı, üstəlik, bacısının da üç uşağı ilə yola çıxmış, ancaq onlarla əlaqəni itirmiş bir qadınla rastlaşdığını söyləyib.

BMT-nin hesabatına görə, məktəblər, uşaq evləri, yaşayış binaları və xəstəxanalar Rusiya ordusunun hücumuna məruz qaldığı üçün Ukraynada 100 minə yaxın uşaq (onların yarısının sağlamlıq imkanı məhduddur) başqa məkanlarda məskunlaşıb, amma həmin məkanlar da risk altındadır.

“Nyu-York Tayms”da bu yazı dərc olunandan sonra Rusiya hərbçiləri Ukraynanın Mariupol şəhərində doğum evinə və uşaq xəstəxanasına aviasiya zərbəsi endirib. Ən azı 17 nəfərin yaralandığı bildirilir.

Diaspora