Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk Rusiyanın təklif etdiyi humanitar dəhlizləri qəbuledilməz adlandırıb.
Apa-nın BBC-yə istinadən xəbərinə görə, Baş nazirin müavini təklif edilən humanitar dəhlizlərin Belarus və ya Rusiya istiqamətində olmasının Ukrayna üçün qəbuledilməz olduğunu bəyan edib.
“Bu humanitar dəhlizlərin açılmasının qəbuledilməz yoludur. Bizim insanlarımız Rusiyaya göndərilmək üçün Kiyevdən Belarusa getməyəcəklər”, - Vereşçuk bildirib.
O, ABŞ, Böyük Britaniya və Fransanı dəhlizlərin yaradılması ilə bağlı yardım etməyə çağırıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat xidmətinin məlumatında bildirilib ki, Ukrayna vətəndaşlarının öz evlərini Ukrayna ərazisi ilə tərk etməsinə icazə verilməlidir.
***
13.27
Rusiyanın humanitar dəhlizləri öz ərazisinə və Belarusa doğru olacaq.
Apa-nın xəbərinə görə, RİA “Novosti” xəbər agentliyinin paylaşdığı təxliyə rotalarına əsasən, humanitar dəhliz vasitəsilə Kiyevin mülki əhalisi Rusiya və Belarusa, Xarkov əhalisi isə yalnız Rusiyaya gedə biləcək.
AFP-nin məlumatında isə qeyd olunub ki, Mariupol və Sumı şəhərlərinin mülki əhalisi digər Ukrayna şəhərlərinə, eləcə də Rusiyaya gedəcəklər.