Kiyev meri Vitali Kliçko birbaşa nəzarət-buraxılış məntəqəsində təşkil edilən paytaxtın ərazi müdafiəsinin döyüşçüləri Lesya və Valerinin nişanında iştirak edib və yeni evlənənləri təbrik edib.
“Bu gün paytaxtın ərazi müdafiə batalyonlarından birinin döyüşçüləri Lesya və Valerini salamladım. Onlar uzun müddətdir ki, vətəndaş nikahında yaşayırdılar, indi isə evlənmək qərarına gəliblər. Mərasim Kiyevin girişinə qədərki nəzarət-buraxılış məntəqələrindən birinin yanında baş tutub. Həyat davam edir! Kiyevin də həyatını, şəhərimizi, dövlətimizi müdafiə edəcəyik”, - Kliçko vurğulayıb.
O, müharibə zamanı Kiyevdə neçə körpənin doğulduğunu da qeyd edib və şəhərin müdafiəsinin davam etdiyini bildirib.
“Onu da bildirirəm ki, son 10 gündə paytaxtın doğum evlərində 457 körpə doğulub. Onlardan 237-si oğlan, 220-si qızdır. Biz paytaxtı, ailəmizi, övladlarımızı qoruyuruq!”,- Kliçko deyib. (oxu.az)