Ukraynanın Jitomir şəhərinə Rusiyanın atdığı raket zərbəsi nəticəsində dağıntılar altında qalanların xilas olunması davam edir.
İnsanların dağılmış fərdi yaşayış evlərinin dağıntıları altında qalma ehtimalının olduğu qeyd edilir. Əraziyə 100-ə yaxın xilasedici cəlb olunub.
Xilasedicilər artıq dağılmış evlərin zirzəmilərindən 6-sı uşaq olmaqla 12 nəfəri çıxararaq xilas ediblər.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Jitomirdə aviazərbənin nəticələri ilə bağlı məlumatı dəqiqləşdirib. Çərşənbə günü, martın 2-si səhər saatlarına olan məlumata görə, iki nəfərin ölümü təsdiqlənib, daha 16 nəfər yaralanıb.
Xatırladaq ki, Jitomirdə ötən gecə özəl sektor raket hücumuna məruz qalıb, “Kalibr” raketi ilə yaşayış evləri vurulub.