Ukraynanı müvafiq dövlət qurumları Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1200 nəfərlik qatar ayrılmasına qərar verib.
Apa-nın xəbərinə, qatar sabah saat 12.00-da Kiyevdən Moldova sərhədinə yola düşəcək.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) Apa-ya deyib ki, bu barədə ilkin razılıq var: “Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə daha ətraflı və detallı məlumat yayacaq”.
***
19.25
Ukrayna Azərbaycanlıları Radası Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib.
Bunu Apa-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) deyib.
C. Məmmədov bildirib ki, Ukraynada müharibə başlayandan etibarən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləyirlər: “Kiyevdə çox sayda azərbaycanlı, əsasən də tələbələr var. Biz Kiyevdən azərbaycanlıların təxliyəsi ilə bağlı bu gün avtobus ayrılması üçün danışıq aparsaq da, bu, mümkün olmadı. Sonra məlum oldu ki, Ukrayna hökuməti bütün avtobusları ordunun balansına verib. Avtobuslar hamısı Ukrayna Silahlı Qüvvələri üçün çalışır. İndi isə azərbaycanlıların qatarla təxliyəsi üçün danışıqlar aparırıq. Ukrayna Azərbaycanlıları Radası Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib. Biz bunun üçün müvafiq vəsait ödəməyə də hazırıq. Yeri gəlmişkən, insanlar bizdən təhlükəsizliklə bağlı qarantiya da istəyir, buna qarantiya verilə bilməyəcəyini anlamaq istəmir. Bu, müharibədir. Çünki öz hədəfindən yayınmış raket qatarın da üstünə düşə, avtomobilə də dəyə bilər. Beynəlxalq praktikaya əsasən, belə münaqişələrdə “yaşıl koridor” verilməlidir ki, mülki əhali çıxsın. Bu gün isə burada elə koridor yoxdur. Amma başqa variant da yoxdur. Çünki insanlar zirzəmilərdə, sığınacaqlarda qalıblar”.