Xarkovda təhlükəli bölgələrdən 30 azərbaycanlı təxliyə edilib

Xarkovda təhlükəli bölgələrdən 30 azərbaycanlı təxliyə edilib backend

Xarkovun ən təhlükəli bölgələrindən 30 həmvətənimiz Ukrayna-Polşa sərhədinə evakuasiya edilib.

Bu barədə Trend-ə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.

Bildirilib ki, konsulluq ştat rejimində fəaliyyətini davam etdirir:

"Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir.

Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb.

Eyni zamanda ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib. Fəxri konsulluq Xarkov vilayət adminstrasiyasının operativ qəragahı ilə kommunikasiya kanalı formalaşdırıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi prosesi daim nəzarətdə saxlayır. Xarkov vilayətində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha həmvətənlərimizi olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq.

Konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial media kanallarında Xarkov vilayətində olan həməvənlərimizin müraciətləri dərhal tərəfimizdən araşdırılır və onlarla mütəmadi kommunikasiya əlaqəsi təmin edilir".

 

Diaspora