Kreml Zelenskini öldürmək üçün 400-dən çox rusiyalı muzdlunu Kiyevə göndərib

Kreml Zelenskini öldürmək üçün 400-dən çox rusiyalı muzdlunu Kiyevə göndərib backend

Kremlin maliyyələşdirdiyi 400-dən çox rusiyalı muzdlu Kiyevdə fəaliyyət göstərir.

Modern.az xəbər verir ki, bu barədə “The Times” yazıb.

Məlumata görə, həmin muzdlulara prezident Volodimir Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.

“Prezident Putinin ən yaxın adamlarından birinin idarə etdiyi “Vaqner” Qrupu beş həftə əvvəl Afrikadan muzdlu əsgərləri böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətinin “başını kəsmək” missiyasının icrası üçün Ukraynaya göndərmişdi”,-deyə “The Times” yazıb.

“Vaqner”in missiyası haqqında məlumat şənbə günü səhər Ukrayna hökumətinin masasına düşüb və bir neçə saat sonra Kiyev şəhəri rus diversantlarından təmizləmək üçün 36 saatlıq komendant saatı elan edib. Mer Kliçko mülki şəxslərə xəbərdarlıq edib ki, küçəyə çıxanlar təxribatçı hesab olunacaqlar və öldürülmək riski var.

Xatırladaq ki, fevralın 24-də Rusiya Federasiyası müstəqil Ukraynaya soxularaq, müharibə başlayıb. İşğalçılar təkcə hərbi hissələri, hava limanlarını tutmur, həm də mülki əhaliyə və şəhərlərin hündürmərtəbəli binalarına atəş açırlar.

“Vaqner” qrupu ilk dəfə 2014-cü ildə ortaya çıxıb - onlar Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara yardım edib. Ondan sonra isə bu muzdlu dəstə  Suriya, Mozambik, Sudan və Mərkəzi Afrika Respublikasında vuruşub.

Azərbaycan əsilli, rusiyalı jurnalist Orxan Camal və həmkarları 2018-ci ildə Mərkəzi Afrika Respublikasında “Vaqner” muzdluları barədə sənədli film çəkərkən öldürülüb.

“Vaqner” qrupu Rusiya ordusunun keçmiş zabiti - xüsusi təyinatlı hərbi hissəsinin komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkinin başçılığı altında yaradılıb. Dəstə Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən və keçmiş xüsusi təyinatlı əsgərlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. "Vaqner" adına gəlincə isə bu, Dmitri Utkinin əsgər ləqəbidir. Onun Putinlə dostluq əlaqələri barədə dəfələrlə xarici KİV-lərdə yazılıb.

Məlumatlara görə, qeyri-rəsmi silahlı birləşmə olan "Vaqner" Özəl Hərbi Şirkətinə Rusiyanın Sankt-Peterburq şəhərindən olan iş adamı Yevgeni Priqojin himayədarlıq edir. Restoranlar şəbəkəsini birləşdirən nəhəng holdiqnin sahibi Yevgeni Priqojin Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunur. 

İddialara görə, bu gizli ordunun 3000-dək döyüşçüsü var. Muzdlular rütbələrindən asılı olaraq aya təxminən 4 min dollar maaş alırlar.

Diaspora