Gənc azərbaycanlı jurnalistlər Gürcüstan Prezident Sarayında olub

Gənc azərbaycanlı jurnalistlər Gürcüstan Prezident Sarayında olub backend

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual Media" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Aktual Məktəb" jurnalistika kursunun tələbələrinə Tbilisidəki Orbeliani Prezident Sarayında dövlət başçısının sözcüsü Marina Borgoidze tərəfindən seminar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, Aktual.ge xəbər verir ki, “Aktual Media"nın təşkilatçılığı ilə baş tutan görüşdən əvvəl "Aktual Məktəb"in iştirakçıları Prezident Administrasiyası əməkdaşlarının bələdçiliyi ilə Orbeliani Sarayı ilə tanış olublar.

Bir saatdan çox davam edən ekskursiyanın ardından dövlət başçısının sözcüsü Prezidentin konfrans otağında gənclərlə görüşüb.

M.Borgoidze Marneulidə jurnalistika kursunun həyata keçirilməsindən böyük məmnuniyyət duyduğunu və bu kimi layihənin zəruriliyini vurğulayıb: "Biz belə bir kursun Marneulidə həyata keçirilməsinə dair məlumat aldıqda çox şad olduq. Eyni zamanda Marneulidə Aktual.ge kimi Azərbaycan və gürcü dilli medianın olması da etnik azərbaycanlıların inteqrasiyasında çox mühüm rol oynayır. Təbii ki, bütün bunlar təqdirəlayiqdir".

Prezidentin sözçüsü özünün əvəllər media sahəsində fəaliyyət göstərdiyini xatırladıb və "Aktual Məktəb"in tələbələrinə jurnalistikanın təməl prinsiplərindən danışıb, gənclərə mətbuat orqanları ilə Prezident Administrasiyasının necə işlədiyi, dövlət başçısının fəaliyyəti, həyata keçirmiş olduğu səfərlər və s. barədə məlumat verib.

"Aktual Məktəb"in təlimçilərindən biri olan Ceyhun Məhəmmədəli sayca II jurnalistika kursuna başladıqlarını söyləyib: "Gənclərimizə 3 ay davam edən kurslar boyunca bir təlimçi olaraq reportajların hazırlanması, müsahibə alma texnikası, xəbərin obyektivliyi, etika qaydaları və jurnalistikanın digər mühüm və aktual məsələləri barədə dərslər keçirik. Bundan əvvəlki kursumuzdan yetişən gənclər bu gün müxtəlif medialarda və bəzi qurumlarda işləyirlər. Gürcüstan azərbaycanlılarının jurnalistika sahəsində təhsil alması çox mühümdür, bu, həmçinin onların inteqrasiyasına mühüm töhfə verir".

"Aktual Media"nın qurucusu və baş direktoru İlkin Hüseynov isə Aktual.ge xəbər portalı və kursun əhəmiyyəti barədə məlumat verib.

Sonda M.Borgoidze sözügedən kursun iştirakçılarına uğurlar arzulayıb və hədiyyələr təqdim edib.

Diaspora