Bu hakimiyyət Qarabağ məsələsini həll etməkdən yayınır, onlar üçün Qarabağ məsələsi başağrısıdır.
Moderator.az xəbər verir ki, bunu “Azatutyun” telekanalında yayımlanan “Hrayr Tamrazyanla bazar günü təhlili” verilişinin efirində parlamentin “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan deyib.
“Nikol Paşinyan son iki ictimai müsahibəsində dolayısı ilə dedi ki, Qarabağ məsələsi onun üçün prioritet deyil, Rusiya Federasiyası və Qarabağ xalqı Qarabağın statusu ilə məşğul olmalıdır, bundan sonra biz Qarabağ parlamentarilərindən çox sərt bəyanatlar gördük. Hətta indiyədək hər hansı məsələdə Nikol Paşinyanla ziddiyyət təşkil etməkdən yayınan Arayik Arutyunyan da bu müsahibədən sonra cavab vermək məcburiyyətində qaldı”, - deyə Artur Vanetsyan bildirib.
O, həmçinin xatırladıb ki, Nikol Paşinyan son müsahibəsində Madrid prinsipləri haqqında danışarkən bu prinsiplərdə təsbit olunmuş xalqların öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququnu qeyd etməyib, əksinə, ərazi bütövlüyü prinsipindən danışıb.
“Mətni müəllifinin kim olduğunu bilmədən götürüb oxusanız, düşünə bilərsiniz ki, hansısa azərbaycanlı məmur bu haqda danışır. Siz deyirsiniz ki, elə bir vəziyyət yaranıb ki, artıq Ermənistan hakimiyyətinin Qarabağ məsələsinin həllinə heç bir təsiri yoxdur. Amma mən razı deyiləm.
Bu hakimiyyət Qarabağ məsələsinin həllindən yayınmağa çalışırlar, onlar üçün həm başlanğıcda, həm də indi Qarabağ məsələsi başağrısıdır və hakimiyyətdə qalmaq və mümkün qədər tez Qarabağ məsələsindən qurtulmaq istəyirlər ki, hakimiyyətlərini qoruyub saxlasınlar.
Lakin onlar anlamırlar və cəmiyyətimizi çaşdırırlar ki, Qarabağı itirməklə biz Ermənistan Respublikasında da dinc yaşamaq imkanını itirəcəyik, çünki Türkiyə-Azərbaycan tandemi Qarabağın əldə edilməsindən sonra da yoluna davam etməklə Ermənistan Respublikasının ələ keçirilməsinə çalışacaq,” -deyə Artur Vanetsyan bildirib.