Türkiyə və Ermənistan arasında əlaqələr normallaşmağa başlayır. Ermənistanın baş naziri Nikol Paşinyan bu il Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını istisna etməyib. Paşinyan bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan bu il martın 11-dən 13-dək Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün dəvət alıblar. Ermənistanın Ankaranın dəvətini müsbət qarşılayaraq, foruma qatılmağa razılıq verib. Bundan əlavə, Paşinyan özü şəxsən Antalya forumunda iştirak edəcəyinə söz verib.
"Hər şey o zamankı situasiyadan asılıdır. Amma xüsusi nümayəndələrin ilk görüşündən sonra Ermənistanın bu təklifi qəbul edəcəyi ehtimalı artıb. Bu fürsəti və dialoqun səbəbini əldən vermək məntiqsiz olardı", - Paşinyan bu yaxınlarda çıxışı zamanı deyib.
Türkiyə-Ermənistan əlaqələrinin bərpası istiqamətində atılan addımlar dünya birliyi tərəfindən diqqətlə izlənilir. Belə ki, Rusiya, Avropa İttifaqı, ABŞ və digər region ölkələri bu prosesə dəstəklərini ifadə edirlər.
Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş Modern.az-a açıqlamasında bildirib ki, iki ölkə arasında əlaqələrin normallaşmasını istəyən təkcə Ankara deyil:
“Bu məsələdə maraqlı olan dövlətlər var. İlk növbədə maraqlı olan ölkə Amerikdadır. ABŞ-ın əlaqələrin bərpasına maraq göstərməsinin səbəblərindən biri də Ermənistanın Rusiyadan asılılığını azaltmaqdır. Bununla da Ermənistan daha çox Amerikaya yaxınlaşacaq. Bunu təbii ki, ancaq Türkiyə üzərindən etmək olar.
Bundan başqa Türkiyə hava və quru yollarını Ermənistan üçün açdıqdan sonra Türkiyənin dəyərini anlayacaqlar. Çünki Ermənistan vətəndaşlarının hansı vəziyyətdə yaşadıqlarını bilirik. Xalq gizli də olsa, Türkiyəyə maraqlıdır. Araşdırmalara görə, Ermənistanda ən çox istifadə olunan mallar elə Türkiyə tərəfindən doloyı yolla Ermənistana gedən mallardır. Əslində həmin məhsulların xərcləri Ermənistana çox da sərf etmir. Çünki mallar Gürcüstan və İran üzərindən gedərkən həmin ölkələrə rüsum ödənilir. İki ölkə arasında əlaqələr açılarkən əlavə xərclərə ehtiyac olmayacaq. Ermənistan digər ölkələrlə müqayisə edildikdə çox kasıbdır”.
General, həmçinin qeyd edib ki, əlaqələrin bərpasında Türkiyə və Azərbaycanın da qazancı var:
“Naxçıvan və Azərbaycan arasında quru yolun açılması və Zəngəzur dəhlizi iki ölkə üçün vacib məsələlərdəndir. Bununla Türkiyə yeni yol qazanmış olacaq. Xalq üzərindən aparılan bu işlər üç ölkəni daha da yaxınlaşdıracaq. Çünki erməni vətəndaş görəcək ki, yeyəcəyi, əşyası və s. yaxşıdır. Bununla da xalqlar yaxınlaşacaq. Bu əlaqələr Amerika və Türkiyə arasında münasibətləri də normallaşdıracaq. Bundan əlavə, Qarabağda bəzi ərazilərdə rus sülhməramlıları fəaliyyət göstərir. Onlar üçün beş il müddət müəyyən olunub. Türkiyə beşin ilin sonunda sülhməramlıların çıxması üçün əlindən gələni edir”.
Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edib. Ermənistan təmsilçisi Ruben Rubinyanla Türkiyə nümayəndəsi Serdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub. Tərəflər arasında əldə olunan razılığa əsasən, Yerevanla İstanbul arasında təyyarə reysi açılacaq.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildən Ankaranın təşəbbüsü ilə kəsilib, o vaxtdan bəri sərhədlər bağlıdır. Ölkələr arasında münasibətlərin pozulmasına bir sıra hallar təsir edib. Xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və ermənilərin qondarma “soyqırımı iddiaları” burada əsas rol oynayıb. (modern.az)