Dövlət Baxçalı türk pop musiqisinin “kraliçası”, “sərçəcik” ləqəbiylə məşhur Sezen Aksuya sərt mesaj göndərib. “Sərçəsən, sərçəliyini bil”, deyə Sezen Aksunun üzərinə gedən Baxçalını bu qədər övkələndirən, əcəba nədir?
Məsələ, Sezen Aksunun “Şahanə bir şey yaşamaq” adlı mahnısıyla bağlıdır. Mahnıda ilk peyğəmbər Həzrəti Adəm və bəşər övladının anası sayılan Həzrəti Həvva “cahil” adlandırılıb. Böyük Millət Məclisində, MHP-nin qrup toplantısında çıxışı zamanı D.Baxçalı bir çox məsələ ilə yanaşı bu mahnıya da toxunub:
“Yazdığı əcaib mahnıda həzrəti Adəm və həzrəti Həvvaya “cahil” deyən məsuliyyətsiz və şüursuz bir sənətçinin içində olduğu səfalət və rəzalət halı cəhalət çuxurunun açıq-aydın nümunəsidir. Bu sənətçiyə deyirəm: sərçəsən, sərçəliyini bil, quzğun olmağa həvəslənmə! Belə tip insanların beyni dumanlı, qəlbləri daş və tikanlıdır. Ağlın, əxlaqın, elmin və inancımızın öndərləri olaraq gördüyümüz bir çox milli və mənəvi şəxsiyyətlər cəhalətin hücumuna, dinimiz də böhtanlara, yalanlara, saptırmalara məruz qalır. Bu insanlar birliliyimizi, dirəniş ruhumuzu həzm edə bilməyənlərdir”. (Sherg.az)