Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar edib.
“Report” “Komsomolskaya Pravda” istinadən xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb.
Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb.
Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu tribunal gözləyirmiş. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib.
Yayılan digər məlumatda isə bildirilir ki, J.Süleymanov xalqa qarşı silah işlətməkdən imtina edib və buna görə də barəsində cinayət işi açılıb.
“Kazinform”un məlumatına əsasən, Almatının Turksib rayonu Polis İdarəsinin rəis müavini polkovnik Tanat Nazanovun meyiti isə kabinetində aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin zabiti, polkovnik Azamat İbrayevin meyiti isə ölkə paytaxtı Nur-Sultanda yaşadığı binanın həyətində aşkar edilib. Komitədən bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Janat Seleymanov 1962-ci ildə Qazaxıstanın Karaqanda vilayətində anadan olub. 1980-ci ildə Daxili İşlər Nazirliyində fəaliyyətə başlayıb. O, 2020-ci ilin fevralında Cambıl vilayəti Polis İdarəsinə rəis təyin edilib. Uğurlu xidmətə görə orden və medalla təltif olunub.