Tezliklə Araiki qandallayıb İrəvana aparsalar, təəccüblənməməliyik...
Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 24-də keçirdiyi online mətbuat konfransında Qarabağ danışıqları haqda dedikləri özünü Xankəndi ermənilərinin “lideri” hesab edən Araik Arutyunyanı qəzəbləndirib. Hətta o həddə qəzəbləndirib ki, Arutyunyan bəyanat yayaraq, baş nazirə qarşı çıxıb, özündən və “artsaxta hakimiyyətdə olanlardan” başqa heç kimin Qarabağda məskunlaşmış ermənilərin taleyi haqda nəinki qərar verməyə, hətta danışmağa belə haqqı olmadığnı bəyan edib.
Arik Arutyunyanın öz Facebook səhifəsində bir neçə saat əvvəl yaydığı bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarının “erməniləri narahat etdiyini və qayğılandırdığını” qeyd edib. “Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququ şərt və güzəştlərə tabe deyil, bu məsələnin müstəsna hüquq sahibi Artsax erməniləridir. Yalnız Artsaxın hakimiyyət orqanları Artsax xalqı adından danışmaq səlahiyyətinə malikdir” deyə, Arutyunyan bildirib. Arutyunyan bəyanatında vurğulayıb ki, “Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması əsas vəzifəmizdir və heç bir hökumət bu xəttdən kənara çıxa bilməz. Ona görə də Artsax xalqı və hakimiyyətləri heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcək”. Arutyunyan iddia edib ki, “Azərbaycan ictimaiyyəti ermənilərə nifrətlə qidalanmaqda davam edir və onu sülhə deyil, ermənilərin Artsaxdan qovulmasına hazırlayırsa, hansısa birgə yaşayışdan söhbət gedə bilməz. Təbii ki, biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu istiqamətdə səylər göstərməyə hazırıq, lakin xalqımızın həyati hüquqları, maraqları, tələbləri müzakirə mövzusu deyil”.
Arutyunyan daha irəli gedərək, “Artsaxın ərazi bütövlüyü ən azı 1991-ci ildə elan edildiyi ərazilərdə bərpa edilməlidir. Ona görə də işğal olunmuş ərazilərimiz işğaldan azad edilməli, onların sakinləri öz evlərinə qayıtmalıdırlar” deyib. Arutyunyan bəyan edib ki, erməni silahlılarının Qarabağdan çıxarılmasından söhbət belə gedə bilməz: “Artsaxın təhlükəsizliyinə gəlincə, biz Müdafiə Ordusunun potensialını gücləndirmək üçün səylərimizi davam etdirəcəyik.Keçmişdə aparılan danışıqlar prosesinin təfərrüatlarına toxunmadan, sadəcə olaraq qeyd etmək lazımdır ki, indi daha məsuliyyətli və həlledici məqamdır. Ona görə də bizim səhv etməyə haqqımız yoxdur, əks halda bu səhv Artsax və ana Ermənistan üçün ölümcül ola bilər”. Arutyunyan daha sonra sərsəm fikirlərini davam etdirərək deyib: “Artsax minilliklər boyu ermənilərin olub və ermənilərin olaraq qalacaq. Artsax ermənilərinin bu mübarizəni davam etdirmək üçün kifayət qədər iradəsi və strateji səbri var. Kiminsə iradəsindən və fikrindən asılı olmayaraq, əminəm ki, Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması və vətənin müdafiəsi uğrunda ədalətli mübarizələrini davam etdirəcəklər”.
Arutyunyan bu cür anti-İrəvan bəyanatı Qarabağ münaqişəsi tarixində bir ilk hesab oluna bilər. İlk dəfədir ki, Qarabağdakı oyuncaq rejim Ermənistan hakimiyyətinin əsas adamına qarşı çıxıraq bu cür açıq bəyanat verir.
Arutyunyanı özündən çıxaran səbəb aydındır. Paşinyan son mətbuat konfransında Qarabağ danışıqları haqda məlumat verərkən bəzi məqamlara toxunub ki, bu da Arutyunyan kimilərin yuxusunu qaçırıb. Paşinyan deyib ki, danışıqların tarixi boyu ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni subyekti kimi nəzərdən keçirilməyib. “Danışıqların prinsipləri onu göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar da yaşayır və onların hüquqlarının müdafiəsi danışıqların mövzusu olub”. Onun sözlərinə görə, Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendumla bağlı aparılan danışıqların məzmunu bölgənin bütün əhalisini əhatə edib. Baş nazir deyib ki, erməni toplumunun azərbaycanlıları kənarda saxlayaraq hansısa referendum keçirib nəticəsini dünyaya qəbul etdirməsi mümkün olmayacaqdı. Dağlıq Qarabağın müvəqqəti statusunun dəqiqləşdirilməsi məsələsi isə BMT Təhlükəsizlik Şurasına verilib. “Qarabağa hətta aralıq statusu olsa belə, hansı ölkənin tərkibi kimi tanınacaq?” sualının cavabında Paşinyan xatırladıb ki, “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanındığını bildirən qətnamə qəbul edib. O zaman da yekun status Azərbaycan konstitusiyasına uyğun olaraq dəqiqləşdirilməlidir” deyə, Paşinyan bildirib.
Paşinyanın bu mövqeyi Azərbaycan mediasında da ciddi müzakirə olunub, “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır” kimi mövqelər səslənib. Paşinyanın açıqlamalarının Xankəndi və ətrafda məskunlaşmış ermənilərində əhvalına ciddi təsir edib ki, Araik bu cür bəyanat vermək məcburiyyətində qalıb.
Arutyunyanın bəyanatından çıxan nəticə odur ki, hətta Ermənistan hakimiyyətinin onlar üçün məqbul olmayan mövqelərini, qərarlarını tanımayacaqlar. Bu faktiki “ana” Ermənistana qarşı bir üsyan bayrağını qaldırmaqdır. Arutyunyanın erməni silahlılarının qalacağını, “müstəqillik davasını” davam etdirəcəklərini deməsi, əslində İrəvana mesajdır, onlara meydan oxumaqdır. Yəni siz hər cür dəstəyinizi dayandırsanız, biz “mübarizəyə davam edəcəyik”. “Artsaxın ərazi bütövlüyü ən azı 1991-ci ildə elan edildiyi ərazilərdə bərpa edilməlidir”, “ermənilərin qovulmasına hazırlaşırlar” kimi qızışdırıcı məqamlar da ermənilərin növbəti yalanı və qanunsuz dəstələrin Qarabağda saxlanılmasına bəhanə tapmaq cəhdləridir. “Xalqımızın həyati hüquqları, maraqları, tələbləri müzakirə mövzusu deyil”, “Artsax minilliklər boyu erməni olub və erməni olaraq qalacaq”, “heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcək” kimi ifadələr isə daha çox Paşinyanın düşmənlərinin-revanşist qüvvələrin mövqelərinə yaxındır. Belə çıxır ki, Araik Paşinyana təkcə etiraz, üsyan etmək, onun az qala legitimliyini tanımamaqla kifayətlənmir, ortaya mövqe qoyur. Bu isə Araikin nəzarətdən çıxdığını, indi isə revanşist qüvvələrin alətinə çevrildiyini göstərir. Bu isə Paşinyanla Qarabağ erməniləri və onun “liderləri” arasında qarşıdurmanın getdikcə daha da dərinləşəcəyinə işarədir.
Ermənistanda Paşinyana qarşı çıxanların taleyi heç də yaxşı olmur və tezliklə Araiki qandallayıb İrəvana aparsalar, təəccüblənməməliyik...
Nazim SABİROĞLU,
Musavat.com