"Türkiyə lirəsinin kəskin ucuzlaşmasının başında ABŞ və müəyyən kəşfiyyat orqanları durur. Vaşinqton süni iqtisadi-maliyyə üsulu ilə, lirəni ucuzlaşdırmaqla əslində 2023-cü il seçkiləri öncəsi AKP hakimiyyətinin mövqeyinin zəifləməsinə nail olmaq istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə lirəsinin kəskin ucuzlaşmasının bu ölkədəki siyasi proseslərə təsirindən danışarkən deyib. Həmsöhbətimizin fikrincə, birjalarda baş verən hadisələr və təhlillər göstərir ki, bu süni şəkildə yaradılan və idarə olunan prosesdir:
"Əsas hədəf də AKP hakimiyyəti və bilavasitə Prezident Rəcəb Tayyib Ərdoğandır. Ərdoğan bu gün Qərb dünyası və bir çox qlobal maliyyə şəbəkələrinin bir nömrəli hədəfinə çevrilib. Ona görə də 2023-cü il seçkiləri Türkiyə üçün strateji seçim olacaq. Hiss olunur ki, bu seçkilərə Qərb dünyası da ciddi hazırlaşır. Qərb siyasi dəstək verməklə yerli müxalifət partiyalarının birliyini təmin edib, seçkilərdə onların qalib gəlməsini hədəf seçib”.
Politoloq qeyd edir ki, baş verən hadisə Türkiyə xalqının xeyrinə olacaq məsələ deyil:
"Bu, təkcə Ərdoğan məsələsi də deyil. Əksinə, Qərb dünyası bütün zamanlarda idarə olunan Türkiyə arzulayıb. Son illər isə Türkiyə müstəqil geosiyasət yürüdüb ki, bu da Qərbin xoşuna gəlməyib. Ona görə də müxtəlif üsul və metodlardan istifadə etməklə AKP hakimiyyətini iqtidardan salmağı hədəfləyiblər”.
Ekspert bildirir ki, indiki vəziyyətdə lirənin ucuzlaşmasının qarşısını almaq mümkün deyil, ancaq yaxın perspektivdə Ərdoğanın rəhbərliyi ilə bununla bağlı strateji qərarlar veriləcək:
"Bu səbəbdən düşünürəm ki, lirənin ucuzlaşması prosesi uzunmüddətli olmayacaq. Baş verən olay qismən də olsa ictimai rəyə təsir edəcək. Ancaq əminəm ki, 2022-ci ildən başlayaraq belə halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək və xalq anlayacaq ki, süni yaradılan bu ajiotaj Türkiyə insanının xeyrinə olacaq məsələ deyil. Anladıqca da güclü Türkiyənin memarı olan Ərdoğanın arxasında dayanacaq”.