Bir müddət öncə saxlanılan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ona qarşı irəli sürülən ittihamları qəbul etmədi. Sonradan erməni KİV-lərində İkinci Qarabağ müharibəsi zamanı nazir işləmiş Tonoyanın keçmiş komandasını-ölkə rəhbərliyini çətin duruma salacağı, bəzi sirləri aça biləcəyi barədə məlumatlar dolaşdı.
Bu gün isə yerli saytlardan birində qalmaqallı "Tonoyan işi" ilə bağlı maraqlı bir məqalə dərc edilib.
Müəllif artıq eks-nazirin cəmiyyətə beynəlxalq qalmaqala səbəb ola biləcək informasiyaları ötürə biləcəyini iddia edib.
- Müharibədəki məğlubiyyətin, milli rüsvayçılığın memarı David Tonoyan ağasını(Nikol Paşinyan-red.) hələlik yumulu saxladığı ağzını açaraq bəzi məsələləri danışmaqla hədələyir. Yəni əgər o danışmağa başlasa, nəticədə dövlətlərarası bir qalmaqal başlayacaq. Deyə bilərəm ki, Tonoyan öz işini asanlaşdırmaq üçün belə bir mesaj göndərir. Amma fakt budur ki, keçmiş nazir "danışa bilməz".
Məsələ isə belədir. O, nazir olarkən 2020-ci ilin avqustunda Rusiyada keçirilən "Ordu-2020" beynəlxalq hərbi tədbirinə qatılmışdı. Tədbir zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu Tonoyana müharibə hazırlıqları barədə məlumatlara malik olmasını çatdırıb. Rusiyalı nazir müharibə baş verəcəyi təqdirdə ölkəsinin döyüşlərə birbaşa müdaxiləsinin olmayacağını söyləyərək Tonoyana məsələni kapitulyantla müzakirə etməyi və birgə dolayı yollar tapmağı təklif edib. David ölkəyə dönərək Şoyqunun onun patronuna(Nikol Paşinyan-red.) göndərdiyi mesajı çatdırır. Kapitulyant isə "ruslar blef edir və müharibə ola bilməz, ruslar Türkiyənin bölgədə mövcudluğuna da imkan verməz" deyir.
Beləcə Tonoyan ortada söz çatdıran rolunu oynayaraq Şoyquya kapitulyatorun dediklərini söyləyir. Nəticədə bizə xalq olaraq 27 sentyabr 2020 və 9 noyabr 2020-i yaşatdılar.
İndi əldə etdiyimiz məlumata görə hələlik susan David kapitulyantı hədələyərək bəzi bu kimi beynəlxalq məsələləri danışacağı ilə hədələyir. Eks-nazir hazırda belə təhlükəli məsələlərlə "siyasi bazarlığa" getməyə çalışır. Məncə "baş komandirə" deyin ki, danışsın. İndi çıxıb danışsın. Yoxsa tezliklə xəyanət maddəsi ilə keçmiş patronunu da yanına alıb eyni kamerada oturacaq.
Yeri gəlmişkən, gəlin Tonoyanın vəkillərindən xahiş edək ki, onlar Davidə İordaniyadan 10 qat baha alınan "silahlar" haqqında da xatırlatma etsinlər və o bu silahların nələrdən ibarət olduğunu söyləsin-,məqalə müəllifi yazıb.
Xatırladaq ki, bir müddət öncə Milli Təhlükəsizlik Xidmətinin başlatdığı vəzifə səlahiyyətlərindən sui -istifadə və külli miqdarda mənimsəmə ilə bağlı cinayət işində hələlik 3 şəxsin adı hallanır. Keçmiş müdafiə naziri David Tonoyan, "Davo" ləqəbli Müdafiə Nazirliyinin silah tədarükçüsü olmuş David Qalstyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyana ağır iş kəsiləcəyi gözlənilir. Amma eks-nazir istintaqçılara izahat verməkdən imtina etdiyi üçün iş uzanır. Ehtimal edilir ki, məhkəmə qarşısına yeni hərbçi və məmurlar da çıxsın.