Əgər “dünənə qədər” İranın Azərbaycanın işğaldan azad edilən torpaqları yaxınlığında hərbi təlim keçirməsini Tehran “suveren hüququ” ilə izah edirdisə, Bakının buna etirazını “anlamadığını” bildirirdisə, artıq dünən və bu gün bütün əndazələri aşmaq və “açıq təhdid” siyasətinə start verdi.
İranın yeni XİN rəhbəri Abdullahian, ardınca isə Ali rəhbər Xamenei rəsmən Azərbaycanı hədələdi və təlimin hədəfinin Bakı olduğunu rəsmən elan etdilər.
Əvvəlcə Hüseyn Əmir Abdullahianın açıq hədələrinə baxaq:
* Bakıya dəfələrlə bəyan etdik ki, sərhədlərimizin yaxınlığında saxta sionist rejimin elementlərinin mövcudluğuna dözən deyilik. Sionistlərlə terrorçuların Azərbaycana müdaxiləsi bizə aydındır. Təlimlər də onlara mesajımızdır;
* İran bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcək;
* Qarabağın azad edilməsindən sonra təəssüfləndirici hadisələr baş verib... İsrail bu fürsətdən maksimum istifadə etməyə çalışıb və İranın sərhədlərinə yaxınlaşmaq üçün uğursuz cəhdlərindən sonra Azərbaycanın bir sıra bölgələrində mövqе qurub. İran o vaxtdan bəri "sionist rejimin" sərhədi yaxınlığında olmasından narahatlığını ifadə edir. Bunu diplomatik kanallarımız vasitəsi ilə Azərbaycan hakimiyyətinə də bəyan etdik".
* Biz Azərbaycanla bağlı vəziyyəti başa düşürük və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından (!) xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq;
* Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük.
Bu ittihamlara Xankəndiyə qanunsuz yük daşıyan iki iranlı sürücünün saxlanılmasına reaksiyanı (“qəbuledilməz”, “məyus olduq” və s.) əlavə edib – halbuki İran XİN rəhbəri iranlı sürücülərin sənədində yük apardıqları yerin “Armenia, Stepanakert” yazılmasına görə Bakıdan üzr istəyib, sonra sürücülərin azad etməsini xahiş edə bilərdi - Abdullahianın son fikirləri haqda ümumi təsəvvürü tamamlayaq.
İran-fars rejiminin diplomatiyada xüsusilə hər zaman olduqca manevrli və usta davrandığını düşünsək, Abdullahianın bu açıqlaması çox təəccüblüdür. Hətta xarici işlər nazirinin ifadə etdiklərini SEPAH generalları belə dilə gətirməmişdi. İran o qədərmi narahatdır ki, bütün diplomatik etiket qaydalarına zidd olaraq, Azərbaycana qarşı kəskin və hərbi ritorikasını ən yüksək səviyyəyə qaldırıb?
Bu suala az sonra cavab tapmağa çalışarıq. Əvvəlcə, ittihamlar haqda!
Bir neçə gün öncə İran Azərbaycana qarşı kəskin mövqeyinin “sionistlərə görə” olduğuna işarə edirdisə, indi Abdullahian bura “terrorçuları” da əlavə edir və bu faktın özü İranın yalnız və yalnız bəhanə axtardığının sübutudur.
Azərbaycanda terrorçu olduğunu iddia etmək üçün mütləq erməni olmaq lazımdır və Abdullahianın bu məqamda erməni diplomatı kimi danışdığına heç bir şübhə ola bilməz.
Bu, 44 günlük müharibə zamanı Ermənistanın səsləndirdiyi və guya Suriyadan gətirilən “iki min terrorçu” yalanının təkrarlanmasıdır – necə ki, 26 fevral 2021-ci ildə “Mehr” agentliyinin əməkdaşı Azərbaycan Prezidentinə bu istiqamətdə sual vermiş və peşman edilmişdi.
Azərbaycanın rəsmən 120 minlik ordusu var, rəsmən; qeyri-rəsmi rəqəmlərə toxunmadan qeyd edək ki, qismən səfərbərlik elan edildiyi halda Azərbaycan 400 min, tam səfərbərlik zamanı 700 minə yaxın, ölkənin varlığına təhdid zamanı total səfərbərlikdə isə 1-1,2 milyon ordu çıxarmaq qabiliyyətindədir. Bu ordunu təmin edəcək gücü, texnikası, silahı da var. Azərbaycan qismən səfərbərliklə cəmi 3 günə 400 min ordu topladısa, onun 2 min “pikaplı”, nizamsız, koordinasiya olunmayan və orduya inteqrasiyası mümkünsüz başıpozuq terrorçu-muzdluya nə ehtiyacı var?
İkincisi, İranın “sionizmin sərhədlərinə yaxınlaşması” iddiası da tamamilə bəhanədir. İsrail Azərbaycanla 1993-cü ildən aktiv şəkildə əməkdaşlıq edir və hər keçən il bu münasibətlər daha da istiləşir. İsraillə əməkdaşlığın nüvəsində iqtisadi-ticari əlaqələr dayanır: İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir, Azərbaycan isə İsrail hərbi texnikasının.
Azərbaycanda digər etnik millətlər kimi, yəhudilərin də özlərini öz evlərindəki kimi hiss etdiyini hamı yaxşı bilir və bu da “bugünün” məsələsi deyil. Bu baxımdan Abdullahianın “Qarabağın azad edilməsindən sonra təəssüfləndirici hallar yaşandığını” deməsi yenə də erməni siyasətinin İran rəsmisinin dilindən səslənməsidir. Həqiqət budur ki, İsrail 2020-ci ilə qədər də Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq edirdi, indi də edir və gələcəkdə də edəcək. Sadəcə, Abdullahian “Qarabağın azad edilməsindən sonra təəssüfləndirici...” cümləsində siyasi mövqeyini bir qədər pərdələyib. “Təəssüf” sözü əslində “Qarabağın azad olunması” ifadəsinin qarşısında işlənir və bu, İranın 30 ildir apardığı siyasətin mayasını təşkil edir: İran Qarabağın azad olunmasına qarşı nə mümkündürsə, onu da edib.
Bəhanələri bildik. Bəs, əsl problem nədədir?
Azərbaycanın qələbəsi və ərazilərini bərpa etməsi İranın nəzarətsiz ərazilərdən istifadə və Ermənistanla əlaqələrini məhdudlaşdırıb: Fakt odur ki, İran Ermənistanla “150 km-lik” sərhədi itirib; o sərhəd ki, ordan istənilən qaçaqmal əməliyyatları həyata keçirilə bilərdi. İndi isə Ermənistanla 40 km-lik rəsmi sərhədi qalıb və onun da “onurğası” – Gorus-Qafan yolunun 21 km-i Azərbaycanın nəzarətindədir.
Azərbaycan Prezidenti İlham Əliyev açıq, mərd və tamamilə yeni yanaşma təqdim etdi: Ermənistan nə bazardır ki, İran öz qardaşlarına qarşı bu addımı atır?!
Bu sözün açımı budur: Əgər İran doğrudan da iqtisadi mənfəətlər üçün Ermənistanla əməkdaşlıq edirsə, Azərbaycan bazarları üzünə açıqdır. 2 milyonluq, iqtisadiyyatı məhv olan, sosial problemlər içində çabalayan Ermənistana görə 10 milyonluq bazarı, həm də din qardaşların olan məkanı niyə üzünə qapayırsan?
İran iqtisadi sanksiyalar səbəbindən neft satışını aktiv həyata keçirə bilmir və Ermənistan bir bazardır – cavab belə də ola bilər.
Ancaq İrana kim dedi ki, azərbaycanlılar ondan leqal və ya qeyri-leqal neft və neft məhsulları almaqda maraqlı deyil? Bunun ən xırda detallarını yazmağa ehtiyac yoxdur, ancaq Ermənistana gedən sisternlərdən daha çoxuna azərbaycanlı biznesmenlərin ehtiyacı var.
İran niyə Azərbaycan kimi bazardan imtina edir və ümumiyyətlə, ona nə lazımdır? ABŞ sanksiyaları altında inləyən İran onu Avropaya çıxara biləcək əsas qonşuları (Azərbaycan və Türkiyə) ilə niyə bütün münasibətləri kəskinləşdirir?
Bu sualın cavabını əslində Abdullahian verdi: “İran bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcək”.
Bəli, İran özünü regional oyunçu sayır, bir vaxtlar “Şiə hilalı” qurmağa da cəhd edirdi və indi sərhədləri yaxınlığında çox ciddi geosiyasi dəyişikliklərin baş verdiyindən dərin narahatlıq keçirir.
Bunun səbəbi odur ki, Ermənistan kimi, onun əsas müttəfiqi və dəstəkçisi İran da 44 günlük savaşda çox acınacaqlı şəkildə uduzdu. İran bu dəhşətli məğlubiyyəti öz 30 illik siyasətinin məhvi kimi qiymətləndirir və bölgədə geosiyasi dəyişikliyi qəbul etmək istəmir.
Reallıq odur ki, bölgəyə Rusiya, Türkiyə, Böyük Britaniya, Pakistan, hətta ABŞ oyunçu kimi daxil olub. Rusiya Qarabağa yerləşdirdiyi rus sülhməramlılarının timsalında qarantiyaya aldığı milli maraqlarının təmin edilməsi şərti ilə bölgədəki nüfuzunu paylaşır və əvəzində Suriya, İraq, Liviya və hətta Əfqanıstanda “nüfuz bölüşmələrinə” qatılır. “Dünyanın 5-dən böyük” olduğunu elan edən və bu siyasəti həyata keçirən Türkiyə də regionda fövqəlgüclərlə mövqe bölüşür, “icazə verir” və “icazə alır”, daxil olur və daxil olmalarına izn verir.
Qafqaz hər zaman Rusiyanın, Ermənistan vasitəsilə isə İranın təsir dairəsində olub. Rusiya burdakı təsirini bir neçə ölkə ilə qismən bölüşdü, sona qədər Ermənistanı dəstəkləyən İran isə uduzdu və kənarda qaldı.
İndi İrana regional əməkdaşlıq təklif edilir, Azərbaycan və Türkiyə “Altılıq platforması” yaratmağı və Tehranın da maraqlarının təmin olunmasını istəyir. Ancaq İran Xəzər dənizinin hüquqi statusunda tutduğu mövqeyi Qafqazlarda da nümayiş etdirir və “paritetə” razı deyil, “piroq”un 30 illik siyasətinə uyğun ən böyük hissəsini qamarlamaq istəyir.
İran, əlbəttə, öz arşını ilə ölçür – çünki 30 il Ermənistana külli miqdarda yardımlar edib, bu ölü ölkəni ayaqda saxlamaq üçün İran xalqının vəsaitlərini göyə sovurub – necə ki, Suriya və digər ölkələrdə bunu etməkdə davam edir. Tehran başa düşmək və ya qəbul etmək istəmir ki, region və dünya dəyişir, regional və qlobal qüvvələrin də güc balansı dəyişir, dünya tamamilə fərqli istiqamətdə şəkillənir, o qədər ki, Böyük Britaniya AB-dən çıxıb, ABŞ və Avstraliya ilə yeni hərbi ittifaq qurur; o qədər ki, 44 günlük müharibə zamanı BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniya Azərbaycanın hərbi əməliyyatları dərhal dayandırması barədə BMT TŞ-yə təklif edilən qanun layihəsinə veto qoyur; o qədər ki, AB-dən yan keçən güclər formalaşır – London-Ankara-İslamabad bu xətlərdən biridir.
Bununla barışmamaq mümkün deyil.
Xamenei bugünkü hədəsində deyir ki, başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər yaxında sillə yeyərək, cəzalarını görəcəklər.
Azərbaycan başqalarına güvənmir, sadəcə, yeni geosiyasi düzənə olduqca uğurlu şəkildə transformasiya olur və ittifaqlar qurur. Regionun kiçik gücü olan Azərbaycanın hazırkı dünya mövqeyi niyə bu qədər önəmlidir və niyə haqq səsi hər zaman eşidilir?
Çünki ittifaqları doğru seçir – Qoşulmama Hərəkatındakı mövqeyi, dünya gücləri ilə siyasi-iqtisadi əlaqələrini yeni geosiyasətə uyğun nizamlayır və buna görə də öz ərazi bütövlüyünü bərpa edib, yeni reallıqlar yarada bilir.
Azərbaycan öz ərazi bütövlüyü və yeni reallıqlar üçün doğru seçir, doğru ittifaqda yer alır və İrana da bu birliklə iqtisadi-siyasi əlaqələr qurmağı təklif edir.
İran “dostunu” və “düşmənini” səhv yerdə axtarır; İran öz imkanlarından daha artığını istəyir və geosiyasi dəyişiklikləri qəbul edə bilmir və uduzur; belə siyasətə davam edəcəyi təqdirdə gələcəkdə də uduzacaq.
O ki qaldı “sillə” məsələsinə, bu haqda ötən yazımızda bəhs etmişdik: İran regionda real müharibənin ona nələrə başa gələcəyini çox gözəl bilir və təlimlə arzuladığı nəticəyə də nail olmadı. İran təlimə başlayan kimi Türkiyə ordusunu İran yaxınlığına daşıdı, dron sürüləri sərhəddə 24 saat uçur və oktyabrın 5-də Azərbaycanla yeni təlim başlayır.
İran ona görə indi XİN rəhbəri və Ali dini rəhbərin timsalında açıq hədəyə keçdi - əgər təlimlə istəyinə nail olsaydı, bu qədər açıq hədəyə gərək qalmazdı.
Azərbaycan və müttəfiqləri isə bir daha elan etdilər: “Bizimlə heç kim güc dilində danışa bilməz!”
Əməkdaşlıq istəyirsən – buyur, Azərbaycan və müttəfiqlərinin bazarına gir, “Altılıq platforması”na gəl, regionda bərabərhüquqlu əməkdaşlıq edək.
İran öz milli maraqlarına zidd olaraq bu təkliflərdən imtina edərsə, onda bu platformada 6-cı dövlətin İsrail, 7-ci dövlətin isə Britaniya olmasından şoka düşməyə hazır olmalıdır...
Anar
axar.az