"Bu həmin Tonoyandır ki, yeni ərazilər ələ keçirəcəyi ilə fəxr edirdi"- Hoxikyan

"Bu həmin Tonoyandır ki, yeni ərazilər ələ keçirəcəyi ilə fəxr edirdi"-  Hoxikyan backend
Ermənistan keçmiş müdafiə naziri David Tonoyanın həbsi erməni cəmiyyətində ajiotaja səbəb olub. Kimi İkinci Qarabağ müharibəsi zamanı uğursuzluqları ilə seçilən nazirin həbsinə haqq qazandırır, kimi isə baş nazir Nikol Paşinyanın məhz müharibənin ildönümündə eks-naziri həbsə atdırmasında siyasi motivlər axtararaq ölkə rəhbərliyini qınayır.

Diqqət çəkən açıqlamalardan biri də Ermənistanın tanınmış yazarlarından olan Nairi Hokixyan yerli mediaya verdiyi şərh olub. O deyib ki, əslində Paşinyan bütün hərbi cinayətlərdə Tonoyanla ortaq sayılmalıdır.

-David Tonoyan hökumətin təzyiqinə layiqdir. Vəzifə naminə dövlətçiliyin ən yüksək dəyərini inkar edən və Nikol Paşinyanı dəstəkləyənlərin hamısı Tonoyanın düşdüyü duruma layiqdir.
Bu həmin Tonoyandır ki, müharibədən əvvəl özünün güclü, müasir silahları ilə öyünərək düşməndən yeni ərazilər ələ keçirmək perspektivi ilə fəxr edirdi. Xatırlayırsınızmı Paşinyan nə demişdi? Demişdi ki, müdafiə naziri baş nazirin razılığı olmadan belə bir bəyanat verə bilməzdi. Yəqin "SU" qırıcıları ölkəyə gətirilərkən baş nazirin Tonoyanı necə tərifləməsini və onun bütün hərbi müqavilələri nazirlə birgə bağladığını söyləməsini də xatırlayırsınız.
Bəs necə oldu ki, David Tonoyanın günahkar çıxdı və həbsə atıldı? Sizə elə gəlmirmi ki, Paşinyan şou göstərir, diqqəti əsas mövzudan yayındırır?

 
Hoxikyan Nikol Paşinyanın təhlükəli siyasətçi olduğunu deyərək digər yüksək rütbəli məmurların da aqibətinin belə olacağını söyləyib.

-Ümumiyyətlə bu insan özünü xilas etmək üçün ona ən yaxşı xidmət edənləri və ən yaxın insanları belə qurban verməyə qadirdir. Bir gün Nikol Paşinyan Suren Papikyanı, Ararat Mirzoyanı, Araik Arutyunyanı, hətta kürəkənini, arvadını və uşaqlarını qurban versə təəccüblənməyin! Bu sadəcə bir şoudur.

David Tonoyan, Onik Qasparyan, müharibə əsnasında yüksək hərbi vəzifələrdə çalışanlar ən azından indi danışmağa başlamalıdırlar. İnsanlar həqiqəti bilməlidir. Bu hətta 2-3 generalın həyatına başa gəlsə belə baş verməlidir.

Siyasətçilərin həyatı və təhlükəsizliyi üçün qorxduqlarını anlayıram. Amma əgər hər şey deyilsə, siyasi rəhbərliyin cinayətlərindən və xəyanətkar təlimatlardan danışsalar heç olmasa ermənilər dövlətçiliyimizi xilas edə biləcəklərini anlayarlar.

Mən bilirəm ki, David Tonoyanın həm müharibədən əvvələ həm də döyüşlərə aid açıqlayacağ nələrsə var. Misal üçün, Araik Arutyunyanla bağlı məktub və Nikol Paşinyanın verdiyi cavab, Tağavard meşələri, Hadrut hərbi hissəsində yerləşən 300 -cü alayın qəsdən hərəkətsizliyi, polkovnik Sergey Şakaryanın qəribə ölümü, Şuşa şəhəri ilə bağlı və s. məsələlər. Əgər Cəlal Arutyunyan məsələsində olduğu kimi danışmasa, o zaman onların ikisi də xəyanətkardır!

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müdafiə naziri David Tonoyanın evində axtarışlar aparırlar. "Hraparak"ın yaydığı məlumata görə Tonoyan hələlik açıqlanmayan hərbi məsələlərdə ittiham olunur. Bu proseslərlə paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzillərində axtarışlar aparılıb.

Xatırladaq ki, dörd gün öncə MTX Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunub.
Diaspora