Novella Cəfəroğlu: “Bir pişiyin ölümünə görə ayağa qalxan dünya Türkiyədə heyvanların məhv olmasına susur”
Türkiyədə 8 gündür davam edən yanğın ölkənin yaşıllıq örtüyünün böyük bir hissəsini külə döndərib və yaranan təhlükəli anlar insanların əsəblərini tarıma çəkib. Belə ki, ötən gün Türkiyənin Muğla bölgəsində küləyin təsiri ilə Kemerköy istilik elektrik stansiyasına keçən meşə yanğınları yaxınlıqdakı Yeniköy stansiyasına doğru yaxınlaşmaqda ikən əhali təxliyyə edilib. Yanğına qurudan və helikopterlərlə müdaxilə edilib, alovlar stansiyanı bürüdükcə, yanğınsöndürənlər, polis və stansiyanın işçiləri sahədən çıxarılıb.
Qeyd edək ki, öncədən bunun baş verəcəyi təxmin edildiyi üçün stansiya nəzarət altında boşaldılıb və işçi heyəti evakuasiya edilibmiş. 630 meqavat gücündə olan stansiyada elektrik istehsalı üçün kömür və yanacaqdan istifadə olunurdu. Stansiyada hidrogen depoları tamamən boşaldılıb və partlayış riski aradan qaldırılıb.
Türkiyədə 8 gün ərzində 187 yanğın baş verib və hazırda 15-i davam edir. Bu məlumatı isə prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb, o, güclü küləyin yanğınların nəzarətə alınmasına mane olduğunu qeyd edib.
Ərdoğan terror ehtimalını da istisna etməyib və qeyd edib ki, bu barədə əvvəldən şübhələr olub, saxlanılanların bəzilərinin ailəsinin PKK terror qruplaşması ilə əlaqəsi olduğu müəyyən edilib: “Bu məsələləri Türkiyə polisi və kəşfiyyatı araşdırır, əgər iddialar əsasını tapsa, məsələnin üzərinə gediləcək”.
Türkiyə Prezidenti bildirib ki, yanğınlarla bağlı bu günə kimi 50-dən çox ölkə və təşkilatlardan dəstək gəlib, onlardan ən önəmlisi isə Azərbaycandır: “Azərbaycan hazırda 200-ə yaxın yanğınsöndürənini bizə göndərib. Onlar da yanğınsöndürmə fəaliyyəti ilə məşğuldurlar. Bir yanğınsöndürmə təyyarəsi və çoxlu hərbçilərlə burada mübarizə aparırlar”.
Azərbaycan ictimaiyyəti də baş verənləri böyük həyəcan və təəssüf hissi ilə izləyir. Sosial şəbəkələrdə yüz minlərlə dəstək mesajları Türkiyə üçün səslənir və bunu terror hesab edən insanlarımız onların cəzalandırılmasını, eyni zamanda susmaqda olan heyvan haqları təşkilatlarının, ekologiya qorumaqla məsul olan beynəlxalq birliklərin səssiz qalmamasını, yardım əlini uzatmasını tələb edirlər.
Aqil Abbas
Bu barədə “Yeni Müsavat”a danışan deputat Aqil Abbas vurğuladı ki, bunun PKK-nın əli ilə hansısa dövlətin sifarişi əsasında həyata keçirilən terror aktı olduğu aydın məsələdir: “Terrorçunun cəzası cinayət məcəlləsi ilə müəyyən olunur. Terrorçuluq da ən ağır cinayət sayılır. Bəzi ölkələrdə ölüm hökmü də var, ancaq bəzilərində yoxdur, həbs cəzası var. Türk cəza qanunları bunu müəyyən edəcək. Mənim fikrimcə, ən ağır cəza verilməlidir. Bu hadisə isə birmənalı terrordur, görmək çətin deyil. Bunun kökünü axtarmaq lazımdır ki, hansı ölkə edib. Təbii ki, PKK-nın əli ilə ediblər, ancaq arxasında duranı tapmaq lazımdır. Bu gün kim Türkiyəyə kömək etmək istəmirsə, arxasında duran da onlardır. Haradasa bir pişik öləndə birləşib yas saxlayırlar, Fransa, Almaniya, İngiltərə və digərləri yas saxlayır. Fransa Türkiyəyə yardım etməkdən imtina etdi. Ancaq Fransada yanğın olanda bizim prezidentimiz tarixi əhəmiyyətli abidələrin təmirinə yardım etdi. İndi bizim türk qardaşlarımız belə bir fəlakətlə üzləşib, bunun da öhdəsindən gələcəyik. Türkiyə belə durumları çox görüb, altından da uğurla çıxıb. Ancaq bu gün dünya kömək etmir, etməyəcəklər də, çünki yanan müsəlmanın evidir. Onların sevmədikləri insanların evi yanır. Ancaq düşünmürlər ki, bu bəla onları da tuta bilər”.
Novella Cəfəroğlu
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu böyük güclərin müstəqil siyasət yürüdən və getdikcə nüfuzunu artıran Türkiyəni sevmədiyini bildirdi: “Mən bu gün çox təəccüblənirəm ki, bir itin, pişiyin öldürülməsinə görə bir də görürsən, bütün sosial şəbəkələr dağılır. Türkiyədə ekologiya məhv olur, minlərlə heyvan yanıb tələf olur, insanlar evlərini itirir. Bütün dünya bunların məhv olub getməsinə susur. Türkiyənin qlobal güclərin arasında böyük yer tutması, nüfuzunun artması, bizim 44 günlük müharibədə Türkiyənin bütün dünyaya dostunun yanında durduğunu göstərməsi kimi faktorlar böyük dövlətləri qıcıqlandırıb. Türkiyənin böyüklüyü, heç kimdən asılı olmaması, özü öz qərarlarını verməsi bu gün dünyanın həmin fəlakət qarşısında susmasına gətirib çıxarır.
Əminliklə deyə bilərəm ki, bunu terrorçular edib. Amma bu hər yerdə başlayacaq. Allah haqsızlığı götürmür. Bunu edənlərin özlərinin də başına gələcək. Mən istəməzdim ki, hansısa ölkənin başına belə fəlakət gəlsin, çünki orada sivil insanlar var. Ancaq Türkiyəyə qarşı belə əxlaqsızlığı gözləməzdim. Bu, təkcə terror deyil, həm də əxlaqsızlıqdır".