Erməni general dövlət sirrini açdığı üçün həbs edilir

Erməni general dövlət sirrini açdığı üçün həbs edilir backend
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, Müdafiə Nazirliyinin nəzdindəki hərbi nəzarət xidmətinin əvvəlki rəhbəri, general-polkovnik Movses Akopyan dövlət sirrini açıqladığı üçün həbs oluna bilər. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, o bununla bağlı açılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində dindirilir.

“İstintaq işinin təfərrüatlarını Milli Təhlükəsizlik Xidməti araşdırır. Yayılan məlumatda cinayət işində konkret olaraq Akopyanın adının göstərilmədiyi bildirilir. Amma sənəddə "Hərbi nəzarət xidmətinin keçmiş rəhbəri tərəfindən 19 noyabr 2020-ci il tarixdə verilən müsahibə zamanı dövlət sirrinin açıqlanması" barədə danışılır. Bu isə, cinayət işinə cəlb edilən şəxsin Movses Akopyan olması anlamına gəlir”, - deyə xəbərdə yazılıb.

Qeyd edək ki, söhbət Akopyanın İkinci Qarabağ müharibəsinin bitməsindən 10 gün sonra verdiyi və ölkə rəhbərliyinə qarşı bir sıra ciddi ittihamlarla yadda qalan səs-küylü mətbuat konfransından gedir. General səlahiyyətliləri istifadəyə yararsız zenit silahlarının alınması, pul israfı və müharibənin üçüncü günü səfərbərliyin dayandırılması planlarını yenidən nəzərdən keçirmək kimi məsələlərdə günahlandırmışdı. Bundan əlavə, o çoxməqsədli "Su-30SM" qırıcılarının alınmasının mənasızlığından da danışmışdı.

Akopyanın bu açıqlamalarından sonra Xüsusi İstintaq Xidməti Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma, vəzifə səlahiyyətlərindən sui-istifadə) iş açmışdı. Müdafiə Nazirliyi isə həmin dövrdə generalın açıqlamalarını yalan və dövlətin təhlükəsizliyini təhdid kimi qiymətləndirdi. Artıq Milli Təhlükəsizlik Xidməti bəyan edir ki, “kifayət qədər dəlil olduğu üçün keçmiş yüksək rütbəli hərbçiyə qarşı ittiham irəli sürülüb və qabaqlayıcı tədbir seçilib”. Cinayət işi 29 iyun tarixində ittiham aktının təsdiqlənməsi və sonradan məhkəməyə göndərilməsi üçün prokurorluğa göndərilib. (azvision.az)
Diaspora