Erməni xalqının düşməni qonşuluqda deyil! – Erməni tarixçi dəqiq ünvan dedi

Erməni xalqının düşməni qonşuluqda deyil! –  Erməni tarixçi dəqiq ünvan dedi backend

“Bizim xalqın ən böyük problemi saxta tariximizdir”. Erməni mənşəli rusiyalı tarixçi alim Filip Ekozyants bunu öz xalqına video-müraciətində söyləyib. O, soydaşlarını nəhayət, ayılmağa və düşməni qonşuluqda yox, başqa yerdə axtarmağa çağırıb. Harada?

Sitata diqqət: “Bizim ən böyük problemlərimiz saxta tariximizdir. Ancaq erməni qardaşlarım bilməlidirlər ki, bu saxta tarixi biz yazmamışıq. Onu bizim üçün yazıblar. O məqsədlə ki, bizi idarə eləsinlər. Bu da ondan ötəridir ki, hər dəfə qonşularla sülh haqda düşünəndə kitabxana zirzəmilərindən bunu çıxarıb desinlər: baxın, sizə onlarla dostluq etmək olmaz, onlar həmişə sizin düşmənləriniz olub və olacaqlar! Ancaq qonşularımızdan heç biri bizim düşmənimiz deyil. Düşmən – gözümüzə bu saxta tarixi soxanlardır. Bizə yalnız bir şey qalır: bu işlə kimin məşğul olduğunu özümüz üçün aydınlaşdırmaq”.

Bunu aydınlaşdırmaq isə çətin iş deyil. Saxta erməni tarixində maraqlı olanlar kim(lər) olacaq ki: iki əsrdir erməniləri Türk xofu ilə qorxu altında saxlayan, bu yolla Ermənistanı “əl dövləti”nə çevirib orada öz hərbi bazalarını yerləşdirmək üçün əsas yaradanlar, özlərini dost kimi göstərən, əslində isə erməni xalqının kölə vəziyyətdən çıxmasını istəməyən Zatulin, Limonov kimi siyasi şarlatanlar, Türk-erməni barışığından ürkən Rusiya, Fransa kimi super-güclər, məkrli çevrələr, nəhayət, hələ də Türkiyəyə qarşı qlobal güclərin əlində məmnuniyyətlə maşa rolu oynayan erməni lobbisi...

“Mən erməni toplumunda çox populyar olmayan baxışlardan danışacağam və bir çoxunuz mənimlə bu məsələdə razılaşmya bilər, amma şəxsən mən buna əminəm. Yüz səbəb sadalaya bilərəm, amma müharibədəki məğlubiyyətimizin bicə nədəni var: biz öz güclü tərəflərimizi düzgün qiymətləndirmədik və siyasi prinsip qismində realizmi yox, “Böyük Ermənistan” xəyalını seçdik”.

Bu fikri isə “Ani” Erməni Tədqiqat Mərkəzinin jurnalisti, yazıçı-publisist Tatul Akopyan Kaliforniyada özünün ingilis dilində nəşr olunan “Ölüm vadisi, 44 günlük fəlakət” kitabının təqdimat mərasimində söyləyib.

“Biz bizdən Azərbaycanla dialoqa getməyimizi istəyən, nə qədər ağrılı olsa da, ləyaqətli güzəştlərə razılaşmağı xahiş edən dost ölkələri eşitmədik. İndi Qarabağın statusu mənim üçün artıq heç bir önəm kəsb eləmir. Hazırda erməni xalqı üçün iki vacib məsələ var - təhlükəsizlik və əhalinin sayı”. Bunu da Akopyan deyib.

Az öncə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bənzər fikirlər səsləndirmişdi. Ter-Petrosyan seçki kampaniyası zamanı öz xalqına müraciət edərək, onu mifik “dənizdən-dənizə böyük Ermənistan”, “Kürdən Araza kimi ölkə”, “miatsum” ideyalarından yaşamaqdan imtinaya və gerçəklə barışmağa çağırmış, “Bakı Qarabağ məsələsini demək olar, həll edib, hər şey bitib” demişdi.

Hərçənd, Ter-Petrosyanın özü də vaxtilə “miatsum” ideyasının əsiri və təbliğatçısı olub. Necə deyərlər, şərin yarısından qayıtmaq da xeyirdir. Ter-Petosyan bunu bacardı, onun xalıq necə, bacaracaqmı?

Sualın cavabı Filip Ekozyantsın video-müraciətində əks olunub: “Düşmənimiz saxta tarixi gözümüzə soxanlar, saxta tarixlə bizi idarə edənlərdir. Bizə (erməni xalqına – red.) yalnız bir şey qalır: bu işlə kimin məşğul olduğunu özümüz üçün araşdırmaq”.

Təəssüf ki, Filip Ekozyants kimi erməni aydınları, öz xalqına həqiqi doğru yolu göstərənlər azdır. Ancaq bəla sayda da deyil. Ondadır ki, onları eşitmək istəyən ermənilər hələlik çoxluq təşkil eləmir. Ona görə ki, bəlli mərkəzlər və bu mərkəzlərin əlində oyuncaq olan radikal və pullu erməni lobbisi imkan vermir.

Lakin erməni xalqı gec-tez öz 1 nömrəli düşmənini tanıyacaq və onun “ayı xidməti”ndən imtina edəcək. Buna məhkumdur. Əks halda, nə Ermənistan adlında dövlət, nə də erməni adında xalq qalacaq... (musavat.com)

Diaspora