“Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçılarının Sammitində Türkiyə mövzusunda qəbul edilən qərarlar gözlənilən idi və bu qərarlar lazımı addımları özündə əks etdirməkdən uzaqdır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi iyunun 24-də Aİ sammitində Türkiyə ilə bağlı verilən qərarları qiymətləndirərkən bildirlib.
Qeyd olunub ki, Türkiyə gərginliyin azaldılması, dialoq və əməkdaşlığın başladılması baxımından üzərinə götürdüyü öhdəliyi daha çox yerinə yetirib: “Avropa İttıfaqının Gömrük İttifaqının yenilənməsi də daxil olmaqla pozitiv gündəmin həyata keçirilməsi üçün konkret qərarların qəbulunu təxirə salması, ləngitmə taktikası, iradə çatışmazlığı və bir və ya iki üzv dövlət tərəfindən ittifaq üzvlüyündən sui-istifadə kimi qəbul edilir. Mətndəki namizədlik statusumuza istinad edilməməsi də bu fikri təsdiqləyir”.
Bildirilib ki, Aİ-nin təklif etdiyi yeni maliyyə yardım paketi Türkiyə üçün deyil, suriyalı qaçqınlar üçündür və bu, Avropa İttifaqının öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: “Miqrasiya əməkdaşlığının maliyyə səviyyəsinə endirilməsi də böyük yanlışlıqdır. Bu sahədə sıx əməkdaşlığı hədəfləmək hər kəs üçün faydalı olardı”.
Türkiyə XİN sammitdə Kiprlə bağlı verilən qərarlara da etiraz edilib: “Hər zamanki kimi Avropa İttifaqı Kipr türklərinin hüquqlarına məhəl qoymayıb. Belə bir mövqe davam etdiyi müddətdə Kipr məsələsinə konstruktiv töhfə vermək mümkün deyil. Bu səbəbdən də Avropa İttifaqını bir daha adadakı gerçəkləri görməyə, kiprli türkləri və onların əldə etdikləri bərabər hüquqları tanımağa və 2004-cü ildə verdiyi vədləri yerinə yetirməyə dəvət edirik”.
Daha sonra açıqlamada qeyd olunub ki, Türkiyə ilə Aİ əlaqələrini müsbət istiqamətdə inkişaf etdirmək üçün tələb olunan məsələ 18 Mart Sazişini hərtərəfli və bütöv bir anlayışla nəzərdən keçirmək, günün ehtiyaclarına, ümumi maraqlara cavab verəcək şəkildə fəaliyyət göstərmək məqsəduyğundur.