“Nə oldu, Köçəryan..?” - Kremlin məğlubiyyəti, yoxsa...

“Nə oldu, Köçəryan..?” -  Kremlin məğlubiyyəti, yoxsa... backend

Ekspert: “Rusiya Köçəryanın timsalında separatçıları qoruduğunu görüntüləmək üçün ona dəstək verirdi”

Ermənistandakı parlament seçkisində Xocalı canisi Robert Köçəryanın Nikol Paşinyana böyük fərqlə uduzması Kremlin məğlubiyyəti kimi izah edilir. Rusiya exit-polları seçkilərdə Robert Köçəryanın “Hayastan” blokunu “qalib” çıxarmışdı. Lakin Ermənistan seçicisi Köçəryanı seçmədi.

Seçkinin nəticələri özü ilə bərabər suallar da gətirmiş oldu. Erməni əhali rusiyayönümlü siyasətdən imtina etdi, yoxsa yeni müharibə perspektivlərindən? Moskva qəti şəkildə istəsəydi, Köçəryanı baş nazir edə bilərdimi? Rusiya Köçəryanın  müxalifət olmasından necə istifadə edə bilər?  Paşinyan yenidən “Soros”un nəzarətindəmi çalışacaq, yoxsa Rusiya ilə tam anlaşma içərisindədir? Rusiya istəməsəydi, Paşinyan qalib gələ bilərdimi?

Bəziləri iddia edir ki, Putin yola Paşinyanla davam etmək istədi. Ona görə də xüsusi maneçilik törədilmədi, Paşinyanın qələbəsinin qarşısı kəsilmədi. Rusiya ictimai rəyi və hətta dövlət strukturları bir yana, Putin, eləcə də prezidentin ən yaxın ətrafı belə bir siyasət yürütdü. Bu fikirdə olan ekspertlər və siyasətçilər Putinin mətbuat katibi Dmitri Peskovun seçkinin sabahısı Nikol Paşinyanın inamlı qələbə qazanmasını bəyan etməsinin buna şübhə yeri qoymadığını düşünürlər. Onların qənaətincə, Peskovun həmin açıqlaması o deməkdir ki, Putin Paşinyanın xeyir-duasını verib. Ən azı bir müddət Kreml sahibinə Nikolun hakimiyyətdə qalması lazımdır. Çünki 10 noyabr üçtərəfli bəyanatında Paşinyanın imzası var və Moskva Paşinyanla işləmək yolunu məqbul hesab edib.

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Rusiyanın Paşinyanla yola davam etmək niyyətinin olub-olmadığı ilə bağlı fikir söyləmək səthi  yanaşma olardı: “Prosesin alt qatında hansı məqamların yatdığını söyləmək üçün kifayət qədər informasiyaya malik olmadığımı düşünürəm. Digər tərəfdən, Ermənistanda keçirilən seçkinin nəticələrini qısa bir zaman kəsiyindən dəyərləndirmək obyektiv mənzərənin ortaya çıxmasına mane ola bilər. Çünki seçki, sadəcə, təbliğat kampaniyasından və səsvermədən ibarət deyil, prosesin çoxsaylı iştirakçı komponentləri var. Ermənistanda keçirilən seçkilərlə bağlı komponentlərin sayı isə kifayət qədər çoxdur və daha uzun müddəti əhatə edir. Seçkilərin nəticələrinə təsir göstərən əsas amillərdən biri və birincisi, Azərbaycanın 44 günlük müharibə ərzində əldə etdiyi qələbədir. Bununla yanaşı, kənar faktorları, kommunikasiyaların açılması və regional əməkdaşlığın, xüsusilə də “altılıq formatı” çərçivəsindəki inkişafı ilə bağlı subregional və qlobal razılaşmanın olduğunu nəzərə almaq lazımdır.

Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların  aydınlaşmasına ehtiyac var” - Editor.az

Elçin Mirzəbəyli

Rusiyanın seçki prosesinə təsirinə gəldikdə isə bu ölkənin bütün resursları seçki prosesində Robert Köçəryanı açıq şəkildə müdafiə etdilər və anti-Azərbaycan kampaniya apardılar. Bunun seçki prosesinə təsir oldumu? Oldu. Əgər bu təbliğat olmasaydı, Köçəryanın ən yaxşı halda 7-10% səs toplamaq imkanı vardı. Sərhəd bölgələrində həyata keçirilən təxribatlar və bu təxribatların Rusiya mediası tərəfindən körüklənməsi nəticəsində Köçəryan əlavə olaraq 10% səs qazandı. Bundan artığını isə qazana bilməzdi. Çünki müharibənin yaratdığı kütləvi psixoz, Ermənistan cəmiyyətinin dərin depressiyada olması, həmçinin məhv olmuş miflərin fonunda acı reallıqların qəbul edilməsinin yeganə çıxış yolu olduğunun başa düşülməsi revanşçıların önə çıxmasına imkan verə bilməzdi. Həm müharibədən sonra, həm də seçki kampaniyası dövründə revanşçılara ictimai dəstəyin olmadığı göz önündə idi".

Rusiya prezidentinin Paşinyana olan münasibətinə gəldikdə, politoloq düşünür ki, seçkinin nəticələrinin bu münasibətlə ciddi əlaqəsi yoxdur: “Köçəryana dəstək verildi, həm müharibədən əvvəl, həm müharibədən sonra, həm də seçki dövrü ərzində. Onun seçkidə qalib gələ bilməyəcəyini şübhəsiz ki, Rusiya da proqnozlaşdırırdı. O zaman nə üçün dəstək verirdi? Çünki başqa alternativi yox idi. Həm də Köçəryana verilən dəstək Rusiyanın separatçılara münasibətdə bu ölkənin ənənəvi siyasətindən irəli gələn bir yanaşma idi. Rusiya Köçəryanın timsalında separatçıları qoruduğunu görüntüləmək üçün ona dəstək verirdi”.

Elşən Mustafayev

Politoloq Elşən Mustafayev isə hesab edir ki, Rusiya Köçəryanın hakimiyyətə gəlməsinə xeyli vaxt idi çalışırdı, sadəcə, bu istəyinə nail ola bilmədi: “Öncə bildirim ki, Paşinyan Rusiya üçün birmənalı qəbuledilməz namizəd olub. Hələ 2018-ci ildə Serj Sərkisyan istefaya göndəriləndə inanmazdı ki, Paşinyan legitim baş nazir olandan sonra Rusiyaya qarşı daha aqressiv siyasət yürüdəcək. Təsəvvür edin, ölkədə o qədər anti-Rusiya təbliğatı güclənmişdi ki, hətta Rusiya vətəndaşı olan müxalifətçilərə belə mütəmadi olaraq Ermənistan televiziyalarında vaxt ayrılırdı. Məsələn, xatırlayırsınızsa, Putinə qarşı qatı müxalifətdə olan Aleksey Navalnıya hər həftə Ermənistan TV-də efir saatı ayrılmışdı. Dediyim odur ki, Paşinyanın hakimiyyətdən getməsində  Rusiya  həmişə maraqlı olub. Amma bunu nail ola bilməyib. 44 günlük müharibədən sonra Ermənistanda yaranan siyasi böhran zamanı çoxları düşünürdü ki, Paşinyan siyasətdən gedəcək, hətta həbs olunacaq. Amma bu prosesi irəli aparmaq üçün ölkədə xalqın etibar etdiyi lider yox idi. Rusiyaya meylli nüfuzlu liderlər isə ümumiyyətlə yox idi. O səbəbdən Rusiya məcbur olub Robert Koçəryana dəstək verməyə başladı. Çünki başqa namizəd yox idi. Köcəryanın isə ölkə daxilində nüfuzu nəinki lider olmağa, heç sıradan deputat olmağa çatmırdı. Bu gün seçkilərdə onun 20 faiz səs yığmasının özü belə sensasiya sayıla bilər. Bu sensasiyanı yaradan isə məhz Rusiya idi. Əslində ölü bir siyasətçini dirildib seçkidə birinci etmək istəyirdi,  alınmadı, ikinci oldu. Bunun özü belə böyük iş idi. Ona görə də kimlərsə deyirsə ki, Putin Paşinyanın hakimiyyətə gəlməsində maraqlı olub, ya buna mane olmayıb, yanılırlar”.

Politoloq vurğuladı ki, Köcəryan Rusiyaya bağlı inanılmış birisidir, eyni zamanda Putinlə sıx dostluq əlaqələrinə malikdir, hələ ortaq biznesləri ilə bağlı informasiyalar da yayılıb: “Əgər Paşinyanın hakimiyyətə gəlməyinə çalışılırdısa, nədən bütün güclər Köçəryanın reabilitasiyasına, təbliğatına yönəlmişdi? Əgər Köcəryanın xalqı arasında nüfuzu indikindən azacıq yuxarı olsaydı, inanın ki, o, belə güclü kampaniya ilə seçkini uda bilərdi. Amma olan artıq olub. Rusiya reallıqla barışmalı oldu. Bundan sonra Rusiya Paşinyanla işləməyə məcbur olacaq. Paşinyan da yaxın 1 ildə Rusiya ildə ciddi  qarşıdurmaya gətirəcək addımlara getməməyə çalışacaq. Hesab edirəm ki, ona belə bir tövsiyə artıq Qərbdən verilib. Əsas məqsəd yaxın müddətdə ölkədə sabitliyin olmasına çalışmaqdır ki, gələcəkdə möhkəmlənib Rusiyadan daha da uzaqlaşsın. Köçəryan kartından isə Moskva hələ bir müddət istifadə edəcək. Parlamentdə sayca ikinci yeri qazanan və ana müxalifət olacaq Köçəryanın qrupu Paşinyan hökumətinə zamanı gəldikcə təzyiq vasitəsi olaraq istifadə ediləcək”.

Diaspora