Rusiyanın Bor şəhərində keçirilən milli mətbəx festivalında ölkəmizi Nijni Novqorod vilayətində fəaliyyət göstərən Azərbaycan icması təmsil edib.
Rusiya Gününə həsr olunmuş festival şəhər administrasiyasının dəstəyilə baş tutub. Azərbaycan icmasının fəal nümayəndəsi, iş adamı və xeyriyyəçi Rəcəb Salayevin dəvətilə festivalda Nijni Novqorod Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (NNAMM) sədri Məhəmməd Əhmədov, NNAMM İdarə Heyətinin üzvü, muxtariyyətin nəzdindəki gənclər təşkilatının sədri Rasim Quliyev çıxış ediblər. Onlar bildiriblər ki, bu cür tədbirlər millətlərarası əməkdaşlıq və vilayətin müxtəlif etnoslarının milli mədəniyyətlərinin tanıdılması baxımından əhəmiyyət kəsb edir.
Sonra "Azərbaycan xalq rəqslərinin birinci məktəbi"nin solistləri Cavid Nağıyev, Mürvət Bağırov və Ruslan Məmmədovun ifasında milli rəqslərimiz təqdim olunub.
Tədbir hər bir etnos münayəndəsinin festivalda nümayiş etdirdiyi milli mətbəxin xüsusiyyətləri barədə məlumat verməsilə davam edib. Bayram tədbirinin əsas qonaqları sağlamlıq imkanları məhdud olan uşaqlar olub. Onlar valideynləri ilə birlikdə təamların dadına baxıb, müxtəlif millətlərin mətbəx nümunələrini dəyərləndiriblər. Uşaqlar və valideynləri Azərbaycanın milli mətbəx nümunələrini bəyənərək, yüksək qiymətləndiriblər.
Azərbaycan icmasının nümayəndələri festivalın laureatı adına layiq görülüb.