Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yollar çəkir, yenidənqurma işləri aparır. Ermənistanda bununla bağlı böyük narahatlıq var.
Buna əmin olmaq üçün ölkə mətbuatına göz atmaq kifayətdir. Ermənistan portalları yaxınlıqda yaşayan yerli adamları danışdırır, onlardan şikayət ifadələri almağa çalışır. Nadir hallarda sadə insanlar azərbaycanlıların əleyhinə ifadə işlədir. Əsasən icma rəhbərləri bizi tənqid edir.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bu dəfə Qırmızı bazardan və Şuşakənddən reportajlar təqdim olunub. Ermənistan mətbuatı azərbaycanlıların Şuşa tərəfdə hərəkətinin intensivləşməsini yaxın ərazilərdə yaşayan sakinlərə narahatlıq verilməsi kimi göstərmək istəyib. Yazılıb ki, son günlər Hadrutdan Şuşaya, Suqovuşandan Kəlbəcərə çoxlu avtomobillər gedir.
Qırmızı bazar icmasının rəhbəri kimi təqdim olunan Narek Atayan jurnalistlərə deyib ki, azərbaycanlıların buralarda sərbəst hərəkət etməsinə dözə bilmirlər: “İnsanlar bununla çətinliklə barışır. Gözləyirlər ki, azərbaycanlılar 4 ay ərzində yolu çəkib, daha burada görünməyəcəklər”.
Atayan azərbaycanlıların davranışını bəyənmədiklərini deyib. Onun iddiasına görə, bizimkilər onların sürücüləri ilə yaxşı davranmır. Amma Atayan indiyə qədər hər hansı qalmaqalın yaşanmadığını da etiraf edir.
İcma rəhbəri kimi təqdim olunan şəxs sülhməramlılardan razılıq edib. Buna baxmayaraq, azərbaycanlıların avtomobil karvanları qıcıq oyadır. Şuşakəndin icma rəhbəri olduğu yazılan Erik Abramyam jurnalistlərə deyib ki, bəzən 60 maşın ardıcıl keçir: “Özü də düz məktəbin və uşaq bağçasının yanından. Əvvəllər yalnız çərşənbə axşamı və cümə axşamı avtomobil çox olurdu. İndi bura şənbə də əlavə olunub. Ümumiyyətlə, bir həftədir hər gün bu yoldan keçirlər”.
Abramyan bildirib ki, azərbaycanlılar kənddən keçərək Şuşaya gedirlər. Avtomobillər, adətən, boş qayıdır. Onun dediyinə görə, bizimkilər Şuşaya daha çox tikinti materialları aparır.
“Heç kimlə hesablaşmırlar. Bilsək, nə vaxt keçəcəklər, heç olmasa, uşaqları küçəyə buraxmarıq”.
Abramyan bizim hərbçilərin qürurlu və ötkəm davranışından narazılıq edib. Amma azərbaycanlı sürücülərin özünü aparmasını normal adlandırıb: “Çoxu yaşlı adamlardır. Təmkinli davranırlar”.