Qarabağda Rüstəm Muradovu əvəz edəcəyi iddia olunan general kimdir? - DOSYE

Qarabağda Rüstəm Muradovu əvəz edəcəyi iddia olunan general kimdir? -  DOSYE backend

Qarabağda sülhməramlı missiyanı icra edən Rusiya hərbi kontingentinin komandanı Rüstəm Muradovu, general-leytenant Aleksey Avdeyev əvəzləyə bilər.

Aleksey Yuryeviç Avdeyev 1967-ci ilin mayın 17-də Özbəkistan SSRİ-nin paytaxtı Daşkənd şəhərində anadan olub.

1984-cü ildə Sverdlovsk şəhərinin (Yekaterinburq) Suvorov Hərbi məktəbini, 1988-ci ildə isə V.İ.Lenin adına Daşkənd hərbi məktəbinin məzunudur. Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif vəzifələrdə xidmət aparıb.

1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirib. 2008-ci ildə Rusiya Federasiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında təhsilini uğurla başa vurub.

Buradakı təhsilini başa vuran Aleksey Avdeyev Sibir Hərbi Dairəsində motoatıcı diviziyaya komandir təyin olunub.

2012-ci ildə Rusiya Prezidentinin sərəncamı ilə 6-cı Ümumqoşun ordusunun qərargah rəisi – komandanın birinci müavini təyin edilib.

2012-ci ilin dekabrın 13-də Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Aleksey Avdeyevə general-mayor hərbi rütbəsi verilib.

2014-cü ilin iyulundan 2017-ci ilin aprelinə qədər 29-cu Ümumqoşun ordusunun komandanı olub.

2016-cı ilin iyunun 11-də general-leytenant hərbi rütbəsi alıb.

Aleksey Avdeyev 2018-2019-cu illərdə Rusiya Silahlı Qüvvələri Ümumqoşun Akademiyasının rəisi kimi xidmət göstərib. 2019-cu ildən bu günə qədər Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsini icra edir.

“Vətən qarşısında xidmətlərinə görə” medalının üçüncü və dördüncü dərəcələri, “Jukov” ordeni, “Dostluq” ordeni, “Suvorov” medalı ilə təltif edilib.

Oxu.az

Diaspora