Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, polkovnik-leytenant Movses Akopyana qarşı ittiham elan olunub. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, Akopyan Milli Təhlükəsizlik Xidmətində dindiriləndən sonra ona ittihamın elan olunduğu açıqlanıb. Erməni zabit dövlət sirrinin yayılmasında ittiham olunur.
Qeyd edək ki, M.Akopyan əslən Xocavənd rayonundandır və Qarabağ klanının aktiv üzvlərindəndir. Qondarma “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini olmuş Akopyan sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, 44 günlük müharibə zamanı isə Ermənistan Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin rəisi olub. Sonradan istefa verən A.Akopyan Ermənistan ordusunu savaşla bağlı 100 faiz yalanlar yaymaqda ittiham etmişdi.
İstefasından bir gün sonra, 19 noyabrda isə M.Akopyan sensasion açıqlama ilə çıxış etmişdi. O, mətbuat konfransı keçirərək Ermənistan Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İsgəndər” operativ-taktiki raketləri tətbiq etdiyini bildirmişdi. Mətbuat konfransında jurnalistlər ondan müharibə zamanı Ermənistanın niyə “İsgəndər” komplekslərini tətbiq etmədiyini soruşarkən Akopyanın cavabı belə olmuşdu: “Tətbiq edilib, amma deyə bilmərəm hansı istiqamətdə”.
Sonradan məlum oldu ki, Ermənistan “İsgəndər”i Şuşa istiqamətinə atıb. Görünür, M.Akopyan məhz “İsgəndər” sirrini yaydığı üçün ittihama məruz qalıb. (Musavat.com)