Baş nazirin müavinin “Ankara Ukraynaya pilotsuz təyyarələr satmağa davam edərsə...”xəbərdarlığına reaksiya: “Ayı, səndənmi soruşacağıq?”
Ankara-Moskva xəttində son günlər gərginlik müşahidə olunur. Türkiyə hökuməti rus turistlərinə qardaş ölkənin kurort zonalarına getməsini pandemiya səbəbindən yasaqlamasına xüsusi reaksiya vermədi. Amma bu qərarın siyasi çalarları olduğu istisna deyil.
Yeri gəlmişkən, aprelin 23-də Rusiya prezidenti Vladimir Putin misirli həmkarı Abdel Fəttah Əl-Sisi ilə telefonla danışıb. Prezidentlər Xurqadı və Şarm əl-Şeyx hava limanları da daxil olmaqla, iki ölkənin hava limanları arasında hava əlaqələrinin tam bərpa edilməsi barədə razılığa gəliblər. Rusiya şəhərləri ilə Misir kurortları arasında hava əlaqələri 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin Sinay yarımadası üzərində qəzaya uğramasından sonra dayandırılmışdı. Qahirəyə müntəzəm uçuşlar 2018-ci ilin aprelində bərpa edildi, amma Misir kurortları Rusiyadan gələn çarter relsləri üçün qapalı qaldı. Rusiya bu əlaqələrin bərpası və təhlükəsizlik məsələləri ilə bağlı çoxdan danışıqlar aparırdı. Amma bu danışıqların Türkiyə kurortlarına yasaqdan sonra uğurla sona çatması diqqət çəkməyə bilməz. Bu, Rusiyanın ən azı qarşıdakı mövsümdə Türkiyəyə alternativ olaraq turizm sahəsində əməkdaşlıq üçün Misiri seçdiyi deməkdir...
Məlumdur ki, Kreml Ankaranın Ukrayna siyasətindən razı deyil. Xüsusilə də Ukraynaya Qarabağda uğurla sınaqdan çıxarılan “Bayraktar” pilotsuz təyyarələrinin satılmasından ciddi narahatdır. Rusiya baş nazirinin müavini Yuri Borisov deyib ki, Ankara Ukraynaya “Bayraktar TB2” pilotsuz təyyarələrini satmağa davam edərsə, Türkiyə ilə hərbi-texniki əməkdaşlığı yenidən nəzərdən keçirilə bilər. Baş nazirin müavini hesab edir ki, Moskva Kiyevə pilotsuz təyyarələrin satılmasını nəzərə alaraq sonrakı addımlarını planlaşdıracaq.
Buna paralel olaraq Kremlin təbliğat ruporlarında olan "Vesti nedeli" verilişində Rusiya istehsalı olan “Lancet” pilotsuz təyyarəsinin Türk Hava Qüvvələrinin emblemi ilə “Bayraktar” dronuna bənzər bir hədəfi məhv etdiyi barədə animasiya(cizgi) video da göstərib.
“Moskovskiy komsolets” isə Türkiyənin müdafiə şirkəti Roketsanın ölkədə hazırlanan yeni “Akıncı” hücum dronunun təqdimatı ilə bağlı yayılmış videoya diqqət çəkib. Mk.ru-nun iddiasına görə, yayılmış videoda “Akıncı”nın Rusiyanın “Pantsir-C1” zenit-raket sisteminə çox bənzər bir hədəfi məhv etdiyi göstərilir.
Videoda pilotsuz təyyarənin əvvəlcə anqardan necə çıxdığını, sonra havaya qalxdığını və operatorun videokamera vasitəsilə hədəfi işarələdiyi göstərilir. Sonra operator "başla" əmrini verir və pilotsuz təyyarə "Pantsir-C1" kompleksinə bənzəyən qurğuya yaxınlaşan "ağıllı bomba" onu partladır. “Niyə “Pantsir-C-1” sualına gəlincə, yada salaq ki, Ukraynanın bu yaxınlarda əldə etdiyi “Bayraqdar”lar separatçıların nəzarətində olduğu Donbasda “Pantsir-C1” havadan müdafiə raket sisteminin yerləşdirildiyini qeydə almışdı...
Rusiya baş nazirinin müavinin “Bayraktar TB2” pilotsuz təyyarələrini satmağa davam edərsə, Türkiyə ilə hərbi-texniki əməkdaşlığı yenidən nəzərdən keçirilə bilər” xəbərdarlığını isə “Haber7” kanalı müzakirəyə çıxarıb, Rusiyanın əməkdaşlığın dayandırılması ehtimalının mümkün olub-olmadığını aydınlaşdırmağa çalışıb.
Rusiya mediası yazır ki, şərhlərdə bildirilib ki, ruslar türk pilotsuz uçan aparatlarının "deşifrə" edə bilməməsi səbəbindən qəzəblidirlər. Bir çoxları isə Rusiyanın PKK yaraqlılarını dəstəklədiyini və ona silah satdığını iddia ediblər. “Buna rəğmən isə Türkiyənin qanuni dövlətə silah satmaq üçün bütün hüquqları var” deyə, rəylər yazılıb.
“Rumlara silah satanda biz incidikmi? “Bütün dünyada silah satırsınız, ancaq Türkiyə satmamalıdır? Belə bir dünya yoxdur . Ayı, indi səndənmi soruşacağıq?”kimi rəylər də yazıblar. Bəzi şərhlərdə isə hətta Ukraynanın daha çox alması üçün “Bayraktar”lara endirim etməyi təklif ediblər.
Musavat.com