“Çünki həmin ərazilərimiz heç bir referendum keçirilmədən, xalqın rəyi soruşulmadan ermənilərə verilib...”
Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev həm son Vətən savaşından əvvəlki illərdə, həm bu müzəffər savaşımız dövründə, eləcə də sonrakı çıxış və müsahibələrində İrəvan və Zəngəzur məsələlərini xüsusi olaraq beynəlxalq auditoriyanın diqqətinə çatdırır. Bundan qıcıqlanan, hələ də “Dəmir yumruq”la ağılları başlarına tam gəlməmiş faşist xislətli erməni ideoloqları və onların havadarları Azərbaycan dövlətini ərazi iddiaları irəli sürməkdə suçlamağa çalışırlar. Bu məsələnin dünya çapında qabardılması eyni zamanda işğaldan azad olunmuş Qarabağ torpaqlarıyla bağlı Ermənistanın hazırkı və gözlənilən revanşist çıxışlarının qarşısını almaq baxımından da əhəmiyyətlidir. Beynəlxalq ictimaiyyət qarşısında Qərbi Azərbaycan torpaqlarına iddialarımızın haqlı olduğunu əsaslandırmaq üçün hüquqşünas və diplomatlarımızla yanaşı, tarixçi alimlərimizin də üzərinə böyük məsuliyyət düşür.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov diqqətəlayiq məqamlara toxunub.
“Öncə onu deyim ki, ermənilərin Qərbi Azərbaycan torpaqları haqqında heç bir elmi və hüquqi əsas olmadan ortaya qoyduqları saxta “arqument”lərin və kampaniyaların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan alimləri və ayrıca Tarix İnstitutu bu istiqamətdə gərgin iş aparır. Məlumunuz olsun ki, artıq “Zəngəzur tarixi” adlı bir kitab nəşrə hazırlanır. Həmin əsərin mətnlərinin böyük hissəsi hazırdır, yenidən işlənilir və dəqiqləşdirmələr aparılır. Və tezliklə bilavasitə İnstitutun baş direktoru, professor Kərim Şükürovun və digər tanınmış alimlərimizin müəllifliyi ilə hazırlanan sanballı bir monoqrafiya ortalığa qoyulacaq. Bu elmi əsərdə bütün məqamlar nəzərə alınıb. Məsələnin tarixi tərəfi ilə bağlı heç bir problem yoxdur. Yəni Zəngəzurla bağlı bütün faktlar əlimizdəki tarixi sənədlərlə tam əsaslandırılır”- deyə tanınmış tarixçi alim bildirib.
Professor İrəvan və Zəngəzur məsələlərinin beynəlxalq müstəvidə qaldırılması üçün hüquqi motivləri arqumentləşdirən əsas faktları da göstərib.
“Digər bir məqam məsələnin hüquqi tərəfi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, 1921-ci ilin iyunundan ta 1929-cu ilə qədər Zəngəzurun qərb əraziləri, o cümlədən Göyçə gölü ətrafındakı torpaqlar bilavasitə Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq, bu ölkənin vətəndaş toplumundan heç bir çey soruşulmadan ermənilərə bağışlanıb. Ondan əvvəl isə Azərbaycan Xalq Cümhuriyyətinin 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhərimiz də heç bir referendum keçirilmədən, xalqın rəyi soruşulmadan ermənilərə verilib. Bu haqda cənab Prezident də dəfələrlə danışıb. Və cənab Ali Baş Komandan bütün çıxışlarında, beynəlxalq görüşlərdə bu məsələni diqqət mərkəzinə gətirir. O cümlədən bu yaxınlarda dünyanın məşhur beyin mərkəzlərinin nümayəndələri ilə ADA-dakı görüşü zamanı da cənab İlham Əliyev İrəvan və Zəngəzur məsələlərinə toxundu və onu deyək ki, çox əsaslı şəkildə toxundu. Ona görə də Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq istər İrəvan şəhəri və onun ətrafındakı 9 min kvadrat kilometrlik ərazinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsi və 1921-1929-cu ilədək Zəngəzur və digər ərazilərimizin Sovet Rusiyası və sonradan Sovet İttifaqı hökumətinin təzyiqi ilə Azərbaycan SSR tərkibindən alınaraq ermənilərə verilməsi məsələlərinin araşdırılması üzərində ciddi iş gedir. Çünki adları çəkilən ərazilərin geri qaytarılması səlahiyyətini Azərbaycan Respublikası öz üzərində saxlayır. Yəni həmin torpaqlar bütün hüquqi norma və prinsiplər pozulmaqla ermənilərə verildiiyi və Azərbaycan xalqına qarşı cinayət törədildiyi üçün Azərbaycan dövlətinin, onun qanunverici orqanının sözügedən ərazilərin geri qaytarılması məsələsini qaldırmaq üçün kifayət qədər hüququ var. Eyni zamanda Azərbaycan xalqına vurduğu zərbə və zərərlərə qarşılıq olaraq cavabdeh dövlətlər və ya onların varisləri təzminat ödəməlidir. Cənab Prezident və Ali Baş Komandan da, dediyimiz kimi, bu mövzunu çox ciddi şəkildə qaldırır. Odur ki, həmin məsələlərin tarixi tərəfi Tarix İnstitutu tərəfindən gərəkli qaydada işlənməkdədir. Hüquqşünaslarımız, beynəlxalq hüquq üzrə mütəxəssislərimiz də buna xüsusi diqqət ayırmalı və tezliklə beynəlxalq səviyyədə qaldırılamasını həyata keçirməlidir”- deyə AMEA Tarix İnstitunun rəhbər əməkdaşı vurğulayıb.