Azərbaycan Ordusunun 44 günlük müzəffər savaşından sonra da, təəssüf ki, Xankəndi hava limanında hələ də müstəqil Azərbaycan Respublikasının yox, sülhməramlı adı altında faktiki olaraq işğal siyasəti yürüdən Rusiya və Ermənistanın bayrağı, üstəlik, Qarabağdakı separatçı rejimin əski parçası dalğalanır.
Ermənistan nəşrlərindən birində işğal illərində Xankəndi hava limanının Rusiya, Almaniya, Çexiya şirkətləri tərəfindən təyyarələrin uçuş və enişini izləmək üçün müasir avadanlıqlarla təchiz olunmasından bəhs edən yazı dərc olunub. Yazı ilə paylaşılan fotoşəkildən bəlli olur ki, Xankəndi aeroportunun ən uca nöqtəsində Rusiyanın bayrağı, yerdə - binanın sol tərəfində isə qəsbkar Ermənistanın, “sülhməramlı” Rusiyanın bayraqları və separatçı rejimin əski parçası asılıb.
Azərbaycan Respublikası ərazisinə rəsmən sülhməramlı missiya ilə gəlmiş bir dövlətin Xankəndi aeroportu üzərində öz bayrağını ucaltması hansı hüquqa, məqsədə uyğundur?
“Bu, Rusiya-Ermənistan təxribatının davamıdır. Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi Bakıya gəlmədən gedir Xankəndiyə, modul tipli yerləşim yerlərinin açılışında iştirak edir. Halbuki 10 noyabr bəyanatına görə Rusiyalı hərbçilərin sayı 1960 olmalıdır, lakin bununla bağlı bizə əhəmiyyət vermirlər”.
Qazilər.az xəbər verir ki, bunu Bizimyol.info-ya açıqlaması zamanı politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, artıq Rusiya orada hərbi baza yaradıb və bu birbaşa Azərbaycanın maraqlarına ziddir.
“Biz İsgəndər raketlərinin fotolarını göstəririk ki, bizə qarşı istifadə edilib. Lakin Rusiya inkar edir ki, belə bir şey olmayıb. Göz görə-görə yalan danışır. Xüsusən də bu məsələdə, Xankəndi hava limanında Rusiya bayraqların asılması ilə bizə mesaj göndərmək istəyirlər ki, biz bu hava limanından istifadə etmək istəyirik. Bu təxribatlar davam edir və təssüf ki, bu 5 il müddətində bizi hələ başqa təxribatlar da gözləyəcək. Açıq demək lazımdır ki, bu sülhməramlı missiya deyil”.
Politoloq onu da vurğulayıb ki, biz Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik ki, bu proseslərin qarşısını ala bilək.
“Azərbaycanın Xarici İşlər Nazirliyi dişli bəyanatlar verməlidir. Rusiya ilə münasibətlərdə hər şey güllük-gülüstanlıq kimi göstərilərsə, Rusiyanın Azərbaycana qarşı təxribatları davam edəcək”.