"Ermənistanın Baş naziri Nikol Paşinyanın rus silahı barədə dedikləri onun bu məsələdə məlumatsızlığını sübut edir".
Bunu “Moskovskiy komsomolets” nəşrinə müsahibə verən hərbi ekspert, Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin sədr müavini Konstantin Makienko bildirib. O, Paşinyanın Su-30SM qırıcılarının raketlərsiz alındığını iddia etməsindən təəccübləndiyini gizlətməyib.
“Birincisi, hərbi təyyarələr, xüsusən də qırıcılar demək olar ki, heç zaman döyüş komplekti olmadan satılmır. Adətən, hər qırıcı ilə ən az bir döyüş dəsti təhvil verilir”, - deyə ekspert izah edib.
K.Makienko əmindir ki, İrəvan qırıcıları raket dəsti ilə birlikdə alıb və bu barədə Paşinyanın “Facebook”dakı statusunu xatırladıb.
“Su-30SM ilk məşq uçuşlarını edib və hücum əməliyyatları üçün “səma-yer” tipli raketlərilə hərbi hədəflərin vurulmasını sınaqdan keçirib”, - Baş nazir özünün sosial şəbəkə səhifəsində yazıb.
“Nə əlavə etmək olar axı? Yalnız qeyd etmək lazımdır ki, Ermənistan Baş nazirinin hərbi məsələlərdəki məlumatsızlığı heyrətləndiricidir. Təkcə onun terminologiyası nəyə desəniz dəyər. Deyir ki, “hücum əməliyyatları üçün səma-yer tipli raketlər” – bu çox qeyri-peşəkar və düzgün olmayan ifadədir. Əslində isə “hava-yer” tipli raketlər, habelə “zərbə silahları” kimi hərbi terminlərdən istifadə etməli idi”, - deyə Makienko bildirib.
Təhlil Mərkəzinin sədr müavini Paşinyanın “İskəndər” raketləri barədə dediklərini də şərh edib.
“İskəndər" raketi partlamayıb və ya 10% partlayıb. Bu necə olur? Raketlərin 10%-i partlayıb, yoxsa bir raketin döyüş başlığının 10%-i partlayıb? Necə desən də, yenə cəfəngiyyat alınır”, - analitik qeyd edib.
Onun sözlərinə görə, Baş nazir ya yalan danışır, ya da onun çox zəif yaddaşı var.
Oxu.az