Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.
"Report" xəbər verir ki, Ankaranın İdman Kompleksində baş tutan qurultayda AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Hakim partiyanın ötən dövrdə Türkiyənin ümumi həyatına gətirdiyi yeniliklərdən və inkişaf modeli barədə ətraflı məlumat verən R.T.Ərdoğan qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.
Onun hesabat və görüləcək işlərlə bağlı proqram xarakterli çıxışından sonra təşkilati məsələlərə baxılıb. R.T.Ərdoğan yenidən AKP sədri seçilib. Ona 1428 nəfər qurultay nümayəndəsi səs verib. Sədr seçkisində R.T.Ərdoğanın alternativi olmayıb.
Bundan başqa partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə çatdırılıb və 75 nəfərlik yeni tərkibi təsdiqlənib. Onlardan 19-u qadındır.
12:45
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı başlayıb.
Qurultay paytaxt Ankaranın İdman Kompleksində keçirilir.
AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edir.
10:05
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.
Paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı geniş nitq söyləyəcək.
Bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı gözlənilir.
Bundan başqa, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı, yeni şəxslərin təmsil olunacağı gözlənilir. İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.
Bundan başqa, qurultayda AKP-nin yeni Nizamnaməsi qəbul ediləcək. Eyni zamanda, partiyanın Mərkəzi Aparatında bəzi dəyişikliklərin aparılması, yeni strukturların yaradılması planlaşdırılır. Bu dəyişikliklərin, xüsusən də AKP rəhbərliyinə yeni şəxslərin gətirilməsinin əsas məqsədi partiyanı 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərinə hazırlamaqdır.