Ermənistan vətəndaşı İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, dövlət başçısından Robert Koçaryanla Serj Sarkisyanın cəzalandırılmasını istəyib.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, İrəvan sakini İlham Əliyevdən kömək umur. İşxan Verdyan Ermənistanın keçmiş prezidentlərindən şikayət edib.“Hörmətli cənab prezident!
Sizin nəzərinizə çatdırım ki, əslən Azərbaycan Respublikasından olan Koçaryan R. və Sarkisyan S. hazırda Ermənistan Respublikasının ərazisində yerləşirlər. Onlar özləri üçün ənənəvi metod sayılan banditizm və terrorizmdən istifadə edərək təxribatçı fəaliyyətləriylə Azərbaycan və Ermənistana düzəldilməsi mümkün olmayan zərər vururlar.
Sizdən xahiş edirəm ki, yuxarıda adı çəkilən vətəndaşların Azərbaycana ekstradisiyası üçün mümkün tədbirləri görəsiniz.
Hörmətlə, İşxan Verdyan, Ermənistan vətəndaşı”.
Verdyan müraciətini “Facebook” profilində paylaşıb. Rəy bölümündə xeyli azərbaycanlı fikir bildirib. Onu cəsarətinə görə təbrik ediblər. İşxanın yumorunu da qiymətləndirənlər tapılıb. “Facebook” istifadəçilərindən biri yazıb ki, kaş Ermənistan vətəndaşlarının 10 faizi müəllif kimi düşünəydi. Başqa bir istifadəçimiz yayda Ermənistanda prezident seçkiləri olması ehtimalını qeyd edib. Azərbaycanlı sosial şəbəkə istifadəçisi onun namizədinin İşxan Verdyan olduğunu yazıb.
Verdyan hökumət rəhbərinin kimliyindən asılı olmayaraq həmişə Ermənistan hakimiyyətini Qarabağ siyasətinə görə tənqid edib. Buna görə başı az ağrımayıb. İrəvan sakini bir müddət əvvəl bütün azərbaycanlılardan Xocalı soyqırımına görə üzr istəmişdi. Buna görə ölkəsində az qınanılmamışdı.
Verdyan müxtəlif sosial şəbəkələrdə Ermənistanın haqsız mövqeyini yaymağa çalışır. O, “Youtube” portalında videolar da yayımlayır.