Kiyev 44 günlük müharibədə bizə hansı dəstəyi vermişdisə, Donbasda müharibə başlasa... - Politoloq backend

Kiyev 44 günlük müharibədə bizə hansı dəstəyi vermişdisə, Donbasda müharibə başlasa... - Politoloq

Politoloqlar Ukraynada yaranmış vəziyyəti şərh etdilər

“Ukraynanın ərazi bütövlüyünə dəstək verilməlidir. Rusiya amilindən çəkinmək lazım deyil. “Bəziləri fikirləşə bilər ki, Ukraynaya dəstək versək, bu, Kremlin xətrinə dəyəcək və bizə Dağlıq Qarabağda problem yaradacaqlar. Bu problem onsuz da var. Ukraynadakı hadisələrə gözümüzü yummaqla Rusiyanın bizə dəstəyini artıracağını düşünürüksə, yanılırıq. Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbassda müharibə başlasa, eynisini Azərbaycan XİN səsləndirməlidir. Biz Rusiya ilə tərəfdaşlığın əleyhinə deyilik, ancaq müttəfiqlərimizi dəstəkdən də imtina edə bilmərik". Politoloq Elxan Şahinoğlu Ukraynada son günlər vəziyyətin gərginləşməsini şərh edərkən belə deyib.

Deputat Arzu Nağıyev isə baş verənlərin Qarabağ müharibəsindən və zəfərindən sonraya təsadüf etməsinə də toxunub. Onun sözlərinə görə, bəzi siyasi təhlilçilər belə hesab edirlər ki, Azərbaycanın Qarabağdakı zəfər qələbəsindən sonra Ukrayna da qələbə qazanmaq üçün cəhdlər edir. Ancaq deputat məsələnin məğzinin başqa olduğunu vurğuladı: “Ukrayna tərəfi hesab edir ki, onlar artıq 5-6 il öncəki dövlət deyillər və istənilən istiqamətdə cavab verməyə qadirdilər”. A.Nağyevin fikrincə, Rusiya tərəfi çalışır ki, daxili münaqişənin həllində yardımçı rolunu oynasın, lakin əks tərəf bunu istəmir və onu maraqlı tərəf hesab edir: “2014-cü ildən Ukraynanın Donetsk və Luqansk vilayətləri Rusiya tərəfindən silahlanan separatçılar vasitəsilə zəbt edilib və işğalda saxlanılır. Təbii ki, Rusiya bunu rəsmi qəbul etmir.

Qərb isə məhz buna görə Kremlə sanksiyalar tətbiq edir. Rusiya tərəfi bəyan edir ki, Ukrayna hərbi yolla münaqişəyə son qoymaq istəyir. Rusiya nə qədər istəsə də, bunu gizlətmək mümkün olmur. Bizim timsalımızda isə Rusiya bunu edə bilmədi və etdiklərini də gizlin saxlamağa çalışdı. Çünki ortada Türkiyə faktoru da var idi. Təbii ki, Ukrayna məsələsində də Türkiyə faktoru ola bilər, amma zənnimcə, bu, belə tezliklə baş verməyəcək. Siyasi dəstək həddən artıq çoxdur, lakin digər məsələlər üçün müəyyən qədər vaxt lazım gələcək. Çünki burada Rusiyanın çox ciddi həm siyasi, həm iqtisadi, həm ərazi, ən başlıcası isə Rusiya-NATO qarşıdurmasından qaynaqlanan hərbi maraqları da var”.

Politoloq Zaur Məmmədov isə “Yeni Müsavat”a dedi ki, Ukrayna hakimiyyətinin öz ərazi bütövlüyünü bərpa etməyə hüququ var: “Hər kəsə məlumdur kı, bir neçə il əvvəl tamamilə beynəlxalq hüquqa zidd şəkildə bu dövlətin ərazisi faktiki olaraq 2 yerə parçalanıb. Məsələ burasındadır kı, hələ 1990-cı illərin əvvəllərində Rusiyanın zəifləməsi üçün ABŞ -dakı mərkəzlər müxtəlif planlar üzərində işləməkdə idilər. Bjezinskinin də dediyi kimi, Ukrayna Rusiya ilə ABŞ münasibətlərində xüsusi rola malik olmalı idi. 2000-ci illərin əvvəllərində məhz Ukraynada və Gürcüstanda Qərbin başçılığı altında inqilabların baş tutması da Vaşinqtonun Rusiyanı dövrəyə salması üçün idi. Nəticədə inqilabdan təxminən 10 il sonra Ukrayna üzərindən ABŞ və Rusiya arasında müharibə başladı. Bu müharibədə Vaşinqton istəyinə nail oldu. Rusiyanın Ukraynanın Avropa Birliyinə inteqrasiyası qarşılığında susmaması, Ukraynanın itirilməməsi üçün müxtəlif yollara əl atması bu ölkənin Rusiyadan uzaqlaşmasına və Rusiyanın qərb sərhədlərinin Polşa ilə Ukraynanın sərhədlərində deyil, Xarkovka, Belqorodda və Rostovda faktiki yerləşməsinə gətirib çıxardı. Nəticə etibarilə Ukrayna və Rusiya itirən tərəf, ABŞ isə istəyinə nail olan tərəf oldu”.

Z.Məmmədov qeyd etdi ki, 44 günlük müharibənin nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Türkiyənin bu müharibədə oynadığı vacib rol Kiyevi də ruhlandırıb: “Hazırda ABŞ-dakı Bayden hakimiyyətinin Rusiyaya qarşı sərt mövqeyi, Ərdoğan və Zelenski arasındakı dostluq münasibətləri nəticəsində Ukrayna ilə Türkiyə arasında hərbi əməkdaşlıq Ukraynanın Prezident Administrasiyası kuluarlarında müharibənin təxirə salınmamasının labüdlüyü barədə fikirləri dolaşdırmaqdadır. Azərbaycan əvvəldən axıra qədər digər ölkələrdə, Serbiyada, Gürcüstanda olduğu kimi, Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsində də bu ölkəyə diplomatik dəstəyini verəcək”.

“Yeni Müsavat”