Qarabağda qazanılan qələbədən sonra Azərbaycan üçün yeni mərhələ başlayıb. İşğaldan azad edilən yerlər bərpa olunmalıdır. Amma sərhədlərin yenidən müəyyənləşdirilməsi də vacib məsələdir.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, keçən əsrin 90-cı illərində Ermənistanın Zəngəzurda ələ keçirdiyi bir çox ərazilər Azərbaycana qaytarılıb. Amma proses tam başa çatmayıb. Bəzi ərazilərin geri verilməsi hələ də müzakirə mövzusudur.Zəngəzurun Əkərək kəndinin də Azərbaycana qaytarılacağı gözlənilir. Ermənistan saytları bununla bağlı həyəcan təbili çalır. Böyük narahatlıq hiss olunur. “Pastinfo” bununla bağlı xəbər hazırlayıb. Əkərək icmasının rəhbəri Ayk Sarkisyandan münasibət də öyrənilib. O, azərbaycanlıların çox yaxında olduğunu bildirib.
“Bir tərəfdən mövqelərini 4, o biri yandan isə 1 kilometr irəli çəkiblər. Getdikcə yaxınlaşırlar. Hərdən havaya atəş də açırlar”.
Əkərək kənd icmasının narahatlığı hələ keçən ilin dekabrından başlayıb. Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsi burada yaşayan sakinləri məyus etmişdi. Qafan meri Gevork Parsyan azərbaycanlıların kəndin 100 metrliyinə qədər gəlməsini parlamentin iclasında dilə gətirmişdi. Mer Zəngəzur kəndlərinin, o cümlədən Əkərəyin yavaş-yavaş mühasirəyə düşdüyünü demişdi. Parsyan Azərbaycan ordusunun yüksəklikləri ələ keçirdiyinə görə kəndləri rahat müşahidə etdiyini də bildirmişdi.
Əkərək hələ çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına daxil olub. Araz çayının sol tərəfində yerləşən yaşayış məskəni əsrlər əvvəldən azərbaycanlıların doğma yurdu sayılıb. Kəndin adı da əkər tayfasına görə belə qoyulub. 1948-ci ildə Əkərəkdə yaşayan azərbaycanlılar buradan məcbur çıxarılıb.
Əkərək hələ 19-cu əsrdə əlvan metallurgiyanın məskəni sayılıb. Burada 1853-cü ildə mis-molibden yataqlarının açılışı olub. 1989-cu ildə yataqların istismarı dayandırılıb. Amma cəmi 15 il sonra bölgədə amerikalı iş adamları peyda olub. ABŞ-ın “Comsup Commodities” şirkəti əlvan metallurgiyaya investisiya qoymağa başlayıb. Buna baxmayaraq, son illər kənd əhalisinin sayının azaldığı müşahidə edilir.