ABŞ-da fəaliyyət göstərən “Jamestown Foundation”nin “Eurasia Daily Monitor” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Nağı Əhmədovun “Azərbaycan, Əfqanıstan və Türkmənistan Avrasiya bağlantısı üzrə əməkdaşlığı dərinləşdirmək məqsədilə üçtərəfli Yol Xəritəsi imzalayıb” adlı məqaləsi dərc edilib.
Məqalədə Azərbaycan, Türkmənistan və Əfqanıstandan olan idarələrarası işçi qrupunun rəhbərləri arasında 16 yanvar 2021-ci il tarixində Lapis Lazuli Dəhlizi ilə bağlı əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tutan üçtərəfli yol xəritəsi barədə razılaşma əldə olunduğu bildirilir.Müəllif yol xəritəsinin İT, enerji, telekommunikasiya, nəqliyyat, logistika, ticarət və investisiya kimi bir sıra mühüm sahələrdə üçtərəfli tərəfdaşlığı genişləndirəcəyini, sərhəd və gömrük koordinasiyasının dərinləşdirilməsinə, Lapis Lazuli Dəhlizi boyunca malların daşınması üçün maneələrin aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdırır.
Müəllif vurğulayır ki, Azərbaycanın Lapis Lazuli layihəsində iştirak etmək qərarı regional qarşılıqlı əlaqəni təşviq etmək üçün onun təşəbbüskar xarici siyasəti ilə uzlaşır. Azərbaycan geostrateji mövqeyinin verdiyi üstünlükdən istifadə edərək Avrasiya bölgəsinin əsas tranzit mərkəzlərindən biri olmaq üçün nəqliyyat sektoruna, o cümlədən dəmir yollarının modernləşdirilməsinə, habelə port və hava limanı infrastrukturunun inkişafına ciddi sərmayə qoyub. Məqalədə, həmçinin adıkeçən nəqliyyat dəhlizinin okeana birbaşa çıxışı olmayan Əfqanıstan və Türkmənistan üçün əhəmiyyəti məsələsinə də toxunulur.
Lapis Lazuli Dəhlizinin Avrasiya üçün həlledici bir strateji tranzit layihəsi olduğu və hər şeydən əvvəl, bütün iştirakçı ölkələr üçün nəqliyyat infrastrukturlarını və iqtisadiyyatlarını Avropa və Şərqi Asiyanın iqtisadi gücləri ilə birləşdirən daha geniş Şərq-Qərb Avrasiya quru yolu (avtomobil və dəmir yolu) nəqliyyat dəhlizlərinə inteqrasiya etmək imkanı təklif etdiyi qeyd olunur. Müəllif sonda qeyd edilən dəhlizin regional əməkdaşlığı gücləndirəcəyi və Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələri inkişaf etdirərək qarşılıqlı dividendlər gətirəcəyi qənaətinə gəlir: “Artan regional inteqrasiya və Avropa Birliyinin geniş bazarına çıxış bu Avrasiya ölkələrinin iqtisadi gələcəyini təmin etmək üçün ən ümidverici fürsət təklif edə bilər”.
https://jamestown.org/program/azerbaijan-afghanistan-and-turkmenistan-sign-trilateral-roadmap-for-cooperation-on-eurasian-connectivity/