MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə "Savaşsonrası Azərbaycanda mədəniyyət və ədəbiyyat həmlələri" mövzusunda geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb.
Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türk Ədəbiyyatı Vəqfinin ənənəvi "Çərşənbə Söhbətləri"nə qonaq olub. Tanınmış yazar-tərcüməçi İmdat Avçarın aparıcısı olduğu "onlayn" sohbətin bu dəfəki mövzusu "Savaşsonrası Azərbaycanda mədəniyyət və ədəbiyyat həmlələri" olub. Qənirə Paşayeva çıxışında bir sıra önəmli məqamlara toxunub, çağırış edib: "44 günlük Vətən müharibəsində Türkiyənin qəlbinin Azərbaycanla bir vurması bizim üçün, döyüşən əsgərlərimiz üçün böyük bir hadisəydi. İnşallah iyun ayında Şuşada "Xarıbülbül" festivalını, payızda isə "Vaqif Poeziya Günləri"ni keçirəcəyik. Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan edib. Həmçinin 2021-ci il cənab Prezident tərəfindən Azərbaycanda Nizami İli elan olunub. Bütun bunlar savaşsonrası mədəniyyət, evində dəbiyyat aləminidə ilkin ən onəmli hadisələrdir. Həmçinin Qarabağın azad edilməsinə, qəhrəmanlarımıza, şəhidlərimizə onlarla əsərlər həsr olunub. Qəhrəmanlarımızın rəsmləri, büstləri, heykəlləri hazırlanıb, vətənpərvərlik şeirləri yazılıb, musiqilər bəstələnib. Bu planda, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən əsərlərin araya-ərsəyə gətirildiyini də özəlliklə vurğulaya bilərik. Ayrıca, Türkiyəli müəlliflər öz əsərlərində qardaşlıq duyğularını, Azərbaycan sevgilərini xüsusi məhəbbətlə əks etdiriblər. Onu da əlavə edim ki, müharibə dönəmində türk ölkə və topluluqlarından olan yazarlar, sənət adamları dəfələrlə Azərbaycanı müdafiə xarakterli açıqlamalarla çıxış etdi.Bir daha Azərbaycanın haqlı davasını müdafiə edən hər kəsə könül dolusu təşəkkürlər!
Azərbaycanın şəhidi Türkiyənin şəhidi sayıldığı kimi, biz də Türkiyənin şəhidini bizim şəhidimiz bilirik. Məşhur kəlamı bir başqa şəkildə təkrarlamaq istərdim: Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir.
Biz inanırıq ki, Şuşa həm Türk dünyasının, həm də İslam dünyasının mədəniyyət paytaxtı statuslarına da yiyələnəcəkdir.
Mən Türkiyədən yazar və aydın qardaşlarımızı Mədəniyyət Paytaxtımızda görməkdən şad olacağımızı bir daha bildirmək istərdim".
TƏV-in "YouTube", "Facebook" ve "Twitter" hesabından canlı yayınlanan
"Çərşənbə söhbəti"ndə Vəqfin qurucusu Əhməd Kabaklı vəfatının 20-ci ildönümündə ehtiramla anılıb.
Söhbət iştirakçıları Qarabağdakı tarixi-mədəniyyət abidələrinin mövcud durumuna da diqqət çəkib, işğalın izlərinin, erməni vandallığının gələcək nəsillərin görməsi üçün uyğun hir şəkildə tədbirlər alınmasının düzgün yanaşma olduğunu deyib.
"Çərşənbə söhbətləri" bu dəfə də maraqlı fikir mübadiləsi ilə keçib.