Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyası konstitusiyada dəyişiklik layihəsini müzakirə edir.
“Report” “Haykakan jamanak”a istinadən xəbər verir ki, dəyişiklik qəbul edilərsə, Ermənistan parlamentinin özünüburaxmaq hüququ olacaq.Layihəyə əsasən, Ermənistan Konstitusiyasının 92-ci maddəsinə dəyişiklik nəzərdə tutulub. Dəyişiklikdə bildirilib ki, deputatların 3/5-nün qərarı ilə parlament buraxıla və növbədənkənar seçkilər keçirilə bilər. Parlament buraxıldıqdan sonra seçkilərin keçirilməsi müddətində dəyişiklik edilməsi təklif olunur - 40 gündən tez, 55 gündən gec olmayaraq.
Ekspertlərin fikrincə, hakim fraksiya dəyişikliyi parlamentdə təsdiq etdirəcəyi ehtimalı böyükdür. Odur ki Ermənistanda yaxın 3-4 ayda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir.