Bu, bizim haqq savaşımızdır - Qənirə Paşayeva

Bu, bizim haqq savaşımızdır - Qənirə Paşayeva backend

Oktyabrın 8-də İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım İngan Malem parlamentdə oldu və millət vəkilləri ilə görüşdü.

Qaziler.az bildirir ki, qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva salamlayıb və ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın çox gərgin bir tarixi prosesdən keçdiyini qonağın diqqətinə çatdıran komitə sədri ona cəbhə xəttindəki son vəziyyətlə bağlı ətraflı məlumat verdi. Vurğulandı ki, cari ilin iyul ayında parlamentdə Qənirə Paşayevanın təmsil etdiyi Azərbaycanın Tovuz bölgəsi işğalçı Ermənistanın fasiləsiz hücumlarına məruz qalıb, yüzlərlə mülki obyekt və fərdi evlər dağıdılıb. Çoxlu sayda insan tələfatı və xəsarət alanlar olub. Azərbaycan bu itkilərin ağrısını hələ sovuşdurmadığı halda, Ermənistan təzədən sentyabrın 27-də başqa bölgələrimizi intensiv şəkildə ağır artilleriya atəşinə məruz qoydu. Bu da xalqımızın illərdir sülh gözləntiləri ilə yanaşdığı səbr kasasını daşırdı. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan artıq hərb yolundan başqa çıxış yolunun olmadığını xalqa bəyan etdi. Bütün cəbhə boyu sürətli əks-hücuma başlanıldı.

Qənirə Paşayeva bildirdi ki, Azərbaycanın savaşı haqq savaşıdır. 30 ildən artıqdır ki, Ermənistan torpaqlarımıza təcavüz edib. Nəticədə bir milyondan artıq soydaşımız öz dədə-baba yurdlarından didərgin düşüb, 20 faiz torpaqlarımız işğal altındadır. İşğalçı dövlət uzun illərdir Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq təşkilatların tələb və tövsiyələrinə məhəl qoymur. Heç vaxt sülh danışıqlarına tərəfdar olduğunu nümayış etdirməyib. İşğal nəticəsində Azərbaycan iqtisadiyyatına, kənd təsərrüfatına külli miqdarda ziyan dəyib. Hal-hazırda da Ermənistan cəbhə xəttindən çox kənarda yerləşən Mingəçevir, Gəncə kimi böyük və strateji əhəmiyyətə malik şəhərlərimizi, Ağcabədi, Beyləqan, Bərdə, hətta Bakının yaxınlığında olan Xızı və Abşeron rayonlarını intensiv şəkildə raket zərbələrinə tutur. Yüzlərlə ev və mülki obyekt dağılıb, 200-ə yaxın insan xəsarət alıb, 30-a yaxın insan həlak olub. Ölənlər arasında iki azyaşlı məktəbli var. Ancaq, Azərbaycan ordusu böyük güc üstünlüyünə malik olsa da başqa ölkənin bir qarış torpağına da müdaxilə etmir, savaşı ancaq öz ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda aparır.
Komitə sədri onu da qeyd etdi ki, bu gün müxtəlif dövlətlərdə yaşayan 50 milyondan artıq azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşib, onun haqq savaşına ürəkdən səs verirlər. Bu məqamda dost ölkələrin dəstəyinə də böyük ehtiyacımız var. Çünki Ermənistan bu müddət ərzində müsəlman dünyasına da böyük mənəvi zərərlər vurub. İşğal etdiyi ərazilərdə yüzlərlə mədəni-tarixi abidələrimizi dağıdıb, məscidlərimizi təhqir edib. Qənirə Paşayeva İndoneziyanın İslam Konfransı Təşkilatının üzvü olan bir müsəlman ölkəsi kimi bu tarixi ədalətsizliyə susqunluqla yanaşmayacağına ümidvar olduğunu bildirdi.
Görüşdə iştirak edən millət vəkilləri Aydın Hüseynov və İlham Məmmədov Azərbaycanın iqtisadi göstəricilərinin hər zaman düşmənə döz dağı olduğunu vurğuladılar, iştirakçısı olduğumuz qlobal layihələrdən, ev sahibliyi etdiyimiz möhtəşəm tədbirlərdən söz açdılar. Deputatlarımız Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə son qoyulacağına, Azərbaycanın tarixi ədalətin bərpası üçün mübarizə yolunda uğurla irəliləyəcəyinə, işğal altında olan torpaqlarımızın hər bir qarışının erməni vandalizmindən azad ediləcəyinə əminliklərini bildirdilər. Coğrafi və dini əqidə baxımından yaxınlığımız olan dost İndoneziyanın Azərbaycanın haqq səsinə səs verəcəyinə, ölkəmizin ədalətli mövqeyini dəstəkləyəcəyinə dair istəklərini dilə gətirdilər.

Görüş üçün minnətdarlığını bildirən İngan Malem İndoneziyanın Azərbaycanda baş verənləri yaxından izlədiyini dedi. Xalqlarımız arasındakı mənəvi yaxınlıqdan, ölkəmizdə müşahidə etdiyi iqtisadi dirçəlişdən, beynəlxalq təşkilatlardakı birgə əməkdaşlığımızdan ağızdolusu danışan qonaq Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıqlarını dilə gətirdi. O, sivil insanların öldürülməsinin, cəbhə xəttindən kənarda olan mülki obyektlərin və evlərin dağıdılmasının çox üzücü olduğunu, müharibə qanunları çərçivəsinə sığmadığını qeyd etdi. Qonaq bildirdi ki, onun xalqı bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. O, burada danışılanları İndoneziya rəsmilərinə çatdıracağını söylədi.
İngan Malem İndoneziya Nümayəndələr Palatası ilə Azərbaycan parlamenti üzvləri arasında görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin münasibətlərimizin gələcək inkişafı baxımından faydalı ola biləcəyini diqqətə çatdırdı.

Diaspora