BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Daily Sabah” nəşrində “Ermənistanla Azərbaycan arasında yeni münaqişə həyati əhəmiyyətli enerji infrastrukturlarını təhdid edir” başlıqlı məqaləsi dərc edilib
(https://www.dailysabah.com/opinion/op-ed/new-war-between-armenia-and-azerbaijan-threatens-critical-energy-infrastructure). Məqalədə sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünə diqqət çəkilir, Azərbaycan ərazilərinin davamlı artilleriya və raket atəşinə məruz qalması vurğulanır. Qeyd olunur ki, Azərbaycanın döyüş zonasından kənarda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Tərtər kimi şəhər və rayonlarının müxtəlif tipli raketlərlə atəşə tutulması nəticəsində dinc əhali arasında çoxsaylı ölən və yaralananların olması ilə yanaşı, eləcə də mülki infrastruktura ziyan dəyib: “İyul ayında Tovuz təxribatınə törətməklə, eləcə də mühüm enerji infrastrukturlarının yerləşdiyi Gəncə, Mingəçevir rayonlarına raket hücumları etməklə Ermənistan Azərbaycana qarşı etdiyi davamlı təcavüzünün əsas səbəblərindən birinin həm də Azərbaycan iqtisadiyyatının əsas sütunlarından olan vacib enerji infrastrukturuna zərər yetirmək olduğunu nümayiş etdirib. Daha öncələr də Ermənistan tərəfi Mingəçevir su anbarına qarşı, eləcə də Gəncə şəhərinə və Azərbaycanın vacib enerji infrastrukturlarına qarşı hava hücumlar edəcəyi ilə hədələsə də bu təhdidlərin reallaşdığını görmək bu dövlətin əsl xislətini üzə çıxarır”.Məqalədə Azərbaycanın beynəlxalq tərəfdaşları ilə birgə şəkildə reallaşdırdığı enerji layihələrinin əhəmiyyətinə diqqət çəkilərək bildirilir ki, bu illər ərzində Azərbaycan özünü Avropanın vacib tərəfdaşı kimi sübut edib, enerji mənbələri və marşrutlarının şaxələndirilməsində əhəmiyyətli rol oynadığını göstərib.
Həmçinin BMTM eksperti Vasif Hüseynovun Avropa İttifaqının “Euractiv” nəşrində “Azərbaycan tək döyüş bölgəsində deyil, beynəlxalq hüquq baxımından da güclüdür” başlıqlı məqaləsi dərc olunub (https://www.euractiv.com/section/azerbaijan/opinion/azerbaijans-strength-is-not-only-on-battlefield-its-in-international-law/). Müəllif Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması, Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfləri müharibəyə aparan təxribatçı xarici siyasəti və son otuz il ərzində aparılan sülh danışıqlarının Ermənistan hökumətləri tərəfindən status-kvonu saxlamaq üçün sui-istifadə edildiyini diqqətə çatdırıb. Məqalədə Azərbaycanın torpaqlarının işğalına son qoymaqda qətiyyətli olduğu və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlülüyün bərpasını tələb etdiyi vurğulanıb.
V.Hüseynov bildirir ki, Azərbaycan apardığı haqlı mübarizədə qətiyyət nümayiş etdirir və həm döyüş meydanında həm də beynəlxalq hüquq müstəvisində üstünlüyə sahibdir. Dövlətimizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmasına diqqət çəkən müəllif Azərbaycanın ərazi bütövlüyün bərpa edilməsinin artıq dövrün tələbi olduğunu qeyd edir.
Müəllif eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin döyüşlərin dayandırılması üçün şərtlərinin açıq və konkret olmasının vacibliyini vurğulayır. Sonda məqalədə dövlət başçısının erməni xalqına mesajına xüsusi diqqət ayrılıb. Dövlət başçısına istinadla bildirilib ki, Azərbaycan öz erməni vətəndaşlarının digər etnik azlıqların nümayəndələri kimi ölkəmizdə sülh şəraitində yaşamasını təklif edir.