Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindən torpaqlarımıza hücum cəhdi barədə xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, tanınmış telejurnalist Ahmet Görməzin aparıcılığı ilə yayımlanan reportajda işğalçı tərəfin təcavüzkar cəhdləri ilə son günlər baş verən hadisələrin səbəb və məqsədləri barədə tamaşaçılara müfəssəl məlumat verilib. Reportajda Ermənistan ordusunun Azərbaycanın mülki əhalisinə, dinc sakinlərə, yaşayış evlərinə atəş açması nəticəsində yaranmış dağıntıları əks etdirən kadrlar nümayiş olunub. Ekspert rəyləri ilə əsaslandırılıb ki, Ermənistanın məqsədi Dağlıq Qarabağdan xeyli məsafədə yerləşən bölgədə yeni münaqişə ocağı yaratmaqdır. İşğalçı tərəfin beynəlxalq əhəmiyyətli enerji və kommunikasiya xətlərini hədəfə aldığı şübhəsizdir. Diqqətə çatdırılıb ki, Türkiyə tərəfi bütün dünyaya bəyan edib ki, Azərbaycana dövlət səviyyəsində dəstək göstərir.