"Rusiya Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır" - İsrail və Türkiyə saytları belə yazır

"Rusiya Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır" - İsrail və Türkiyə saytları belə yazır backend

İranın Bakıdakı səfiri Rusiyanın İran üzərindən Ermənistana silah göndərməsi ilə bağlı məsələyə münasibətinə diqqət etdinizmi?

Səfir buyurub ki, bu, bəzi media orqanlarının iddiasıdır. Halbuki bu məsələni prezident İlham Əliyev şəxsən prezident Putinlə telefon danışığı zamanı səsləndirib. Azərbaycan prezidenti bir müddət sonra bu məsələyə bir daha qayıdıb. Ancaq İran səfiri bu məsələni "bəzi media orqanları"nın ayağına yazır: "İran ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq getdikcə güclənir. Bu prosesin qarşısını almaq məqsədi ilə belə yalan xəbərlər yayırlar".

Bu məsələ ilə bağlı Rusiya tərəfi daha gülünc bəyanat vermişdi: “Rusiyaya Ermənistana silah yox, tikinti materialları göndərib”.

Aydın görünür ki, Rusiya Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Təbii ki, Türkiyə və Azərbaycan alyansı da bunun fərqindədir. Onlar da müharibəyə hazır olmaq üçün hərbi təlimlərin sayını və sanbalını artırırlar. Bu baxımdan Naxçıvanda keçirilən ikinci hərbi təlim təsadüfi görünmür. Özü də bu təlimlər təkcə torpaq üzərində yox, həm də havada gedir.

İranın Dağlıq Qarabağ məsələsində tutduğu rəsmi və qeyri-rəsmi mövqe bəllidir. Rəsmi Tehran sözdə Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir, əməldə isə Ermənistanın həyata keçirdiyi işğal prosesinin günişlənməsi üçün rəsmi İrəvana ən azı Rusiya qədər yardım edir.

Ən maraqlısı odur ki, İran Türkiyə ilə yaxınlaşmağa çalışır. Məsələn, İranın “Mehr news” xəbər agentliyi Həsən Ruhaninin bəyanatını yayıb. Prezident deyir ki, İran və Türkiyə regionun iki güc mərkəzidir. Onlar əl-ələ versələr, xarici təhdidləri birlikdə dəf edə bilərlər. Cənab Ruhani bunu yeganə doğru yol hesab edir və iki ölkə arasında getdikcə genişlənən əməkdaşlıqdan məmnun olduğunu bildirir.

Əlbəttə, İranla Türkiyənin bir araya gəlməsi, ümumiyyətlə müsəlman ölkələrinin xarici təcavüzə qarşı birlik nümayiş etdirməsi əla olardı. Ancaq Ermənistana arxa-dayaq duran İranın Azərbaycanın yanında olan Türkiyə ilə birlikdə olmasını əngəlləyən xeyli maneələr var. Bu maneələr İranın xarici siyasətinin mahiyyətindən qaynaqlanır.

Ermənistana dəstək verən əsas ölkə isə Rusiyadır. Bu ölkənin İrana nisbətdə imkanları daha böyükdür. Xüsusən silah tədarükündə İran Rusiya ilə rəqabət apara bilməz.
O da faktdır ki, Ermənistan iqtisadiyyatının 80 faizi rəsmən Rusiyaya məxsusdur. Rus ordusu Ermənistanın quru və hava məkanını qoruyur.

İsrailin “israelhayom” saytı bu məsələ ilə bağlı təhlil yazısı hazırlayıb. Nurit Greenger-in hazırladığı məqalədə maraqlı detallar var. Müəllif yazır ki, demək olar ki, hər gün Rusiyanın “İL-76” yük daşıyan təyyarəsi Xəzər dənizinin üzərindən keçərək İran ərazisindən İrəvana uçur və ora Rusiya silahları daşıyır. Nurit Greenger də bu prosesi Rusiyanın Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaması kimi dəyərləndirir.

Müəllif yazır ki, Cənubi Qafqazda baş verən son olaylar həyəcan təbili çalmaq üçün ciddi əsas verir: “Azərbaycanın geostrateji və geoiqtisadi önəmini nəzərə alsaq və bu ölkənin Orta Asiya ilə Qərbin-ABŞ və Avropa Birliyinin əlaqələrinin qrulmasında oynadığı rola baxsaq, Rusiyanın Ermənistana davamlı şəkildə silah göndərməsi ilə bağlı ciddi narahatçılığa əsas olduğunu aydın görə bilərik”.

Xanım yazar qeyd edir ki, diplomatik müdaxilə olmasa, Cənubi Qafqazda qarşıdurma güclənə bilər. Bu isə Rusiyadan başqa bir ölkənin xeyrinə olmayacaq: “Rusiya hələ də Cənubi Qafqazı, o cümlədən Ermənistan, Gürcüstan və Azərbaycanı öz nüfuz zonası hesab edir. Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqazda passiv olması Rusiyaya bu bölgədə daha da aqressiv davranmağa imkan yaradır”.

Ermənistanın 20 faiz Azərbaycan torpaqlarını işğal etdiyini və həmin ərazilərdən didərgin düşən insanların geri qayıtmaq ümidi ilə yaşadığını vurğulayan müəllif yazır ki, Azərbaycan Rusiya Ordusunu öz ərazisindən çıxaran ilk Cənubi Qafqaz ölkəsidir və Rusiyanın maddi və hərbi dəstəyi ilə Ermənistan Azərbaycan torpaqların işğal edib. Bu işğal da Azərbaycanın müstəqilliyinə (Rusiya tərəfindən) verilmiş “mükafat” hesab oluna bilər:

“İşğala baxmayaraq, Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadi inkişaf məkanına çevrildi. Azərbaycan Qərbin son dərəcə önəmli müttəfiqi və tərəfdaşıdır. Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın rəhbərliyi altında yaranan bu və ya digər hərbi və iqtisadi birliklərdə yer almaqdan imtina edir... Rusiya 30 ildir ki, Ermənistanı silahlandırır və Rusiyanın xaricdə olan ən böyük hərbi bazası da məhz Ermənistanda yerləşir”.

Məqalədə Ermənistanın Tovuz rayonuna son hücumu ilə bağlı da diqqətçəkən məqamlar var. Qeyd olunur ki, həmin ərazidən Azərbaycana məxsus strateji önəm daşıyan kommunikasiya xətləri keçir. Bu xətlərin hesabına Azərbaycan nefti, xüsusən qazı Avropaya daşınır: “Ən önəmlisi budur ki, qaz kəmərinin Rusiya və İranla heç bir əlaqəsi yoxdur. Bu isə Avropanın Rusiya qazından asılılığını xeyli azaldır”.
İsrail qəzetinin müxbiri İranın Azərbaycana münasibətinə toxunarkən yazır ki, İran Azərbaycanı ABŞ və İsrailin müttəfiqi sayır.

Bu məsələ Türkiyə mediasının da diqqət mərkəzindədir. İngilisdilli “TRT World” saytı “Why Russia supports Armenia against Azerbaijan in the Caucasus conflict” ("Nədən Rusiya Qafqazdakı münaqişədə Azərbaycana qarşı Ermənistanı dəstəkləyir?") adlı yazısında bu problemin müxtəlif aspektləri nəzərdən keçirilir.

ATƏT-in Minsk qrupunun sabiq həmsədri və ABŞ-ın Azərbaycanda səfiri olmuş Metyu Brayza bildirir ki, Rusiyanın Ermənistanı müdafiə etməsi köhnə söhbətdir.
Məqalədə deyilir ki, Rusiya tarixən özünü slavyanların və ortodoks xristianların müdafiəçisi və xilaskarı kimi təqdim etməyə çalışıb. İmperialist məqsədləri naminə Rusiya Balkanlarda serblərə, Qafqazda isə ermənilərə istinad edib.
Beynəlxalq əlaqələr üzrə professor Bulənt Araz deyir: “Biz birmənalı şəkildə deyə bilərik ki, Rusiya Azərbaycana qarşı olan Ermənistanın yanında yer alır: "Ermənistan “de fakto” Rusiyanın bir əyaləti kimi görünür. Demək olar ki, bütün Ermənistan iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Ermənistanın müdafiə sistemi də Rusiyanın əlindədir”. Gördüyünüz kimi, bu fikir israilli müəllifin fikri ilə yüzdə yüz səsləşir.

musavat.com



Diaspora