“Məhdud bir silahlı qarşıdurma da NATO və AB-nin bağlı olduğu strateji aktivləri məhv edə bilər...”
"Ankara və Moskva diplomatik boşluğu doldurub Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa inandıra bilər..."“ABŞ və ya AB rəhbərliyinin müdaxilə etmədiyi təqdirdə Türkiyə və Rusiya Azərbaycan və Ermənistanı döyüş meydanından danışıqlar masasına istiqamətləndirə bilər”.
Moderator.az xəbər verir ki, bu fikri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza “Atlantic Council” Amerika analitik mərkəzinin saytındakı növbəti məqaləsində yazır.
İyulun əvvəlində Tovuz istiqamətindəki hərbi gərginlikdən bəhs edən M.Brayza həmin regionun həm Azərbaycanın iqtisadi müstəqilliyi, həm də ABŞ və Avropa Birliyi, eləcə də NATO üçün çox böyük həyati əhəmiyyət daşıyan strateji nəqliyyat və enerji magistrallarının keçdiyi bir ərazi olduğunu vurğulayır.
“Əlbəttə ki, Rusiya öz marşrutları vasitəsilə enerji, mal və informasiya axınını maksimum dərəcədə artırmaq üçün bu marşrutlara qarşı çıxır. Bu arada Tehran Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və AB ilə Dərin və Hərtərəfli Sərbəst Ticarət Sazişi sayəsində Ermənistana və daha sonra postsovet və Avropa bazarlarına ticarət dəhlizini genişləndirir. İranın Dağlıq Qarabağa Ermənistan üzərindən yanacaq tədarük etdiyi də bildirilir. İran hava məkanı isə Rusiyaya iyul ayında Azərbaycanla toqquşandan sonra Ermənistana silah göndərmək üçün lazım oldu...” -deyə keçmiş ABŞ səfiri qeyd edir.
Türkiyənin Tovuz gərginliyi zamanı birbaşa Azərbaycanı dəstəklədiyini vurğulayan M.Brayza qardaş ölkənin Rusiya ilə müəyyən ziddiyyətlərə rəğmən Qarabağ məsələsinin həllində böyük rol oynaya biləcəyini qeyd edərək yazır:
“Ankara və Moskva diplomatik boşluğu doldurub öz müttəfiqlərini danışıqlar masasına qayıtmağa inandıra bilər. Bir çox cəbhədə Rusiya və Türkiyə arasında kəskin fikir ayrılıqlarına baxmayaraq ABŞ və onun avropalı müttəfiqlərinin belə bir formatı təşviq etməsi müdrik olardı. Buna alternativ olaraq Azərbaycanla Ermənistan arasındakı qarşılıqlı emosiyaların artması və hərbi gərginlik ola bilər. Nə Ermənistan, nə də Azərbaycan geniş miqyaslı müharibəyə tab gətirə bilməsə də, daha məhdud, lokal bir silahlı qarşıdurma da NATO və AB-nin bağlı olduğu strateji aktivləri məhv edə bilər. Faydalananlar yalnız Rusiya, İran və ola bilsin, Çin və onun “Bir kəmər - bir yol” təşəbbüsü olacaq" -deyə Minsk Qrupunun sabiq həmsədri fikirlərini tamamlayır.